Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Bəndəsər yaşayış məntəqəsi rayonun ucqar dağlıq ərazilərindən biridir. Burada 35 təsərrüfatda 150 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, bağçılıq, arıçılıqdır.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayonun qəsəbə və kəndlərindən başqa ucqar yaşayış məntəqələrində də tez-tez əhali ilə səyyar qəbul və görüşlər keçirir. Bəndəsər yaşayış məntəqəsində əhali ilə keçirdiyi görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

İcra başçısı sakinləri salamlayaraq, bildirmişdir ki,  nümayəndəliyin digər kəndlərində dəfələrlə görüşlərimiz olsa da, bu gün bu səfalı məkanda – Bəndəsərdə sizinlə görüşmək qərarına gəlmişik. Əvvəllər təklifləriniz əsasında qaldırılan problemlərin əksəriyyətinin həllinə birlikdə nail olmuşuq. Nəticədə son illər nümayəndəliyin ərazisində xeyli quruculuq-abadlıq işləri görülmüşdür. Bu görüşdə də narahatlıq doğuran  məsələləri öyrənmək və həllinə köməklik etmək məqsədi ilə gəlmişik. Buyurun sizi dinləyirik.

Sakinlərdən Əminağa Bağıyev, Sahib İmaməliyev, Alman Abdulov, Elvin Əliyev və başqaları çıxış edərək Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin son aylarda əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən razılıqlarını bildirmiş, bu diqqət və qayğıya görə cənab Prezidentə hədsiz minnətdarlıq ifadə etmişlər. İştirakçılar yerlərdə əhali ilə tez-tez görüşlər keçirdiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına dərin təşəkkürlərini bildirmişlər.

Sakinlər eyni zamanda Züngüləş kənd ümumi orta məktəbi üçün yeni binanın, İstisu çayın üzərində körpünün tikintisi, kəndin içməli su ilə təmin edilməsi, məhəllələrə təbii qazın, Züngüləş və Bəndəsər yaşayış məntəqələrinə telefon xəttinin çəkilməsi barədə təkliflər verimişlər.

İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirərək qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar vermişdir.

Qeyd etmişdir ki, bir vaxtlar rayonun əksər yaşayış məntəqələrində əhali yol, işıq, qaz, məktəb tikintisi və digər sosial məsələlər barədə müraciətlər edir, problemlərin həllini xahiş edirdilər. Amma ölkə iqtisadiyyatı gücləndikcə cənab Prezidentin həyata keçirdiyi tədbirlər sayəsində bu problemlərin əksəriyyəti həllini tapmışdır. Bir vaxtlar böyük məhdudiyyətlərlə əhaliyə elektrik enerjisi verilirdisə, hazırda ən ucqar kəndlərə də fasiləsiz olaraq elektrik enerjisi  verilir. Əksər qəsəbə və kəndlər təbbi qazla  təmin olunmuş, digərlərinə də təbii qaz xəttinin çəkilməsi planlaşdırılaraq dövlət proqramına salınmışdır.

Sevindiricidir ki, indi əhalinin tələbi telefon, internet şəbəkəsinin açılması barədədir. Bunlara da tədricən həll olunacaqdır.

Bütün sahələrdə sürətlə inkişaf edən müstəqil respublikamızın timsalında rayonumuzun siması gündən-günə dəyişir. Quruculuq-abadlıq işləri geniş vüsət alıb. Görülən işlər göz qabağındaır.  

Səncərədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində yeni məktəb binaları, uşaq bağçası tikilmiş, təbii qaz xətti çəkilmiş, elektrik xətt təsərrüfatında təmir işləri aparılmış, digər işlər görülmüşdür.  Hazırda əhali üçün çox önəmli olan Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş(İstisu-Bəndəsər) avtomobil yolunun asfaltlaşdırılmasına başlanmışdır. Yeddi il əvvəl bu yol əsaslı təmir olunsa da, əksər hissələri dağılmış, sıradan çıxmışdı. Çox sağ olsun cənab Prezidentimiz ki, bu yolun asfaltlaşdırılması ilə bağlı vəsaitin ayrılmasına Sərəncam imzaladı və hazırda burada işə başlanmışdır.

 Bu yol təkcə yerli sakinlər üçün deyil, bütün rayonumuz üçün mühüm əhəmiyyət daşıyır. Çünki, bu ərazi turizmin inkişafı üçün böyük potensiala malikdir. Burada gözəl təbiət, təmiz hava, müalicəvi əhəmiyyətli İstisu termal bulaqları yerləşir. Yüksək səviyyəli avtomobil yolunun çəkilişindən sonra gələcəkdə yəqin ki, bu səfalı yerlərdə turizm obyektləri də inşa olunacaqdır. Onu da bildirim ki, dünyanın bəlkə heç bir yerində bu cür ucqarlara asfalt yollar çəkilmir. Amma bizim rayonumuzda ən ucqar dağ kəndləri olan Sım, Pəlikəş, Miki, Hamoşam, Toradi kəndlərinə qədər yüksək keyfiyyətli asfalt yollar çəkilmişdir.   

İcra başçısı bütün bunların ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin təntənəsi və bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin nətcəsi olduğunu diqqətə çatdırmışdır.

Azərbaycanımızın yüksək inkişaf yolunda olması bizə bunu deməyə əsas verir ki, gələcəkdə də tikinti-quruculuq işləri, sosial layihələrin icrası davam edəcəkdir. Əsas odur ki, ölkəmizdə sabitlikdir, əmin-amanlıqdır. Əhalinin rifahı, həyat səviyyəsi gündən-günə yaxşılaşır. Cənab Prezidentin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə bərqərar olan bu əmin-amanlığı qorumalı, ölkə Prezidenti ətrafında sıx birləşərək, həyata keçirilən möhtəşəm işlərdə dəstək olmalı, ölkəmizin bundan sonra da inkişafı üçün əlimizdən gələni etməliyik.

Bu yolda hamınıza uğurlar arzulayıram.

Mərasim Hacızadə

Astarainfo.az