Aprelin 11-də  rayon təhsil şöbəsinin və rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə  “Yol hərəkəti təhlükəsizliyinin sistemli və mütəmadi qaydada təbliğat-təşviqatının təşkili” mövzusunda Ərçivan qəsəbə ümumtəhsil müəssisələrinin müəllim və şagirdlərinin  iştirakı ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin məsul işçisi Tural Eyvazov, təhsil şöbəsinin müdiri Rəşad Həsənov, gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev, rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin rəisi İlqar Rəhimzadə çıxış ediblər.
İlqar Rəhimzadə yol hərəkəti qaydaları haqqında biliklərin əyani şəkildə şagirdlərə öyrədilməsi üçün əməli tədbirlərin görülməsinin vacibliyini bildirib. O, son dövrdə  rayonumuzda  yol hərəkəti qaydalarının təbliği sahəsində görülən işlərin müsbət nəticələrindən də danışıb.
Şagirdlərə piyada keçidlərindən istifadə etmələri, işıqfordan keçərkən diqqətli olmaları tövsiyə edilib və necə hərəkət etmələri izah olunub, yol nişanları və piyada keçidləri haqqında şagirdlərə geniş məlumat verilib. İzah edilib ki, məqsəd baş verə biləcək yol qəzalarında məktəblilər arasında ölüm və xəsarət alma hallarının sayını sıfıra endirməkdir.
Rəşad Həsənov rayon polis şöbəsinin əməkdaşları ilə məktəblilərin artıq ənənə halını almış görüşləri məktəbin pedaqoji və şagird kollektivləri tərəfindən razılıqla qarşılandığını vurğulayıb. Bildirib ki, yol təhlükəsizliyinin təmin edilməsi üçün polis əməkdaşlarının yerlərdə ictimaiyyətin bütün təbəqələri ilə müntəzəm əlaqə saxlaması və geniş maarifləndirmə tədbirləri öz müsbət nəticələrini verir.

Sonda şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı hazırladığı  səhnələr nümayiş etdirilib.

Nicat Raufoğlu

Astarainfo.az