Azərbaycanın füsunkar guşəsi doğma yurdumuzun abadlığı və gözəlliyi üçün son illərdə xeyli quruculuq işləri görülüb. Asfalt yollar, yeni salınmış park və xiyabanlar göz oxşayır. Gərgin zəhmətlə başa gələn bu gözəllikləri qorumaq üçün hamımız səy göstərməliyik.

Son illərdə həm rayon mərkəzində, həm də qəsəbə və kəndlərdə aparılan geniş abadlıq və quruculuq işləri insanı heyran edir. Dəniz kənarında salınmış park-bulvarda əhalinin mənalı istirahəti, rahat dincəlmələri, uşaqların əylənməsi, gənclərin idmanla məşğul olmaları üçün hər cür şərait yaradılmışdır. Burada əkilən nadir ekzotik və yerli ağaclar ətrafa xüsusi rövnəq və yaraşıq verir. Park-bulvarın bütün ərazisində işıqlandırma sistemi quraşdırılmış, bitkilərin suvarılması üçün suvarma xətləri çəkilmiş, yaraşıqlı səkilərə bəzəkli daşlar   döşənmişdir. Burada istirahətə gələnlər üçün müxtəlif iaşə obyektləri və digər sosial obyektlər inşa edilmişdir.

Rayonumuzun bütün sakinləri, ağsaqqallardan tutmuş gənclərə qədər hamı gərgin zəhmətlə başa gələn bu gözəllikləri göz bəbəyi kimi qorumalı, mühafizə etməlidir. Hər bir astaralı park və xiyabanlarda yaradılmış səliqə-sahmanı korlamağa cəhd edən bəzi üzdəniraq vətəndaşlara təpki göstərməli və belə bir daha təkrar olunmasın deyə təsirli tədbirlər görməlidir.

Şəhərimizin təmiz və səliqə-sahmanlı qalmasına diqqətli olmalıdır. Valideynin gözü qarşısında uşaq parkdakı yaşıllığı tapdalayırsa, ətrafı zibilləyirsə və onlar da bundan narahat olmurlarsa buna nə ad vermək olar? Biganəlik böyük bəladır. Başa düşməliyik ki,  yaradılan gözəllik astaralılar, rayonumuza gələn qonaqlar üçündür. Ona görə də hər birimiz prinsipiallıq göstərməli, park və xiyabanlarımızın, məhəllə və həyətlərimizin təmiz və səliqəli saxlanılması üçün bütün qüvvələrimizi sərf etməliyik. Yaxşı olardı əlaqədar təşkilatlar tərəfindən lazım olan yerlərdə (ele kəndlərdə də) zibil qutuları yerləşdirilsin. Yəqin ki, bunun nəticəsində küçə və səkilərimiz daha səliqəli görünər və göz oxşayar. 

Astara ilin bütün fəsillərində gözəldir, yaraşıqlıdır, füsunkardır və nə yaradılıbsa,  onu qorumaq müqəddəs borcumuzdur.

Gülnar Əsədli

Astarainfo.az