Ölkəmizin cənub bölgəsində yağan intensiv yağışlar Astara rayonunun Siyəkü kəndində torpaq sürüşməsinə səbəb olub.
Torpaq sürüşməsi nəticəsində rayonun Siyəkü kəndində Təcrübə İsgəndərovaya məxsus üçotaqlı fərdi yaşayış evin bir hissəsi uçub.
Aprelin 21-də gecə saatlarında baş verən hadisə zamanı xoşbəxtlikdən 5 nəfər ailə üzvündən heç biri xəsarət almayıb. Ailə üzvləri qohumlarının evində gecələməli olublar.
Torpaq sürüşməsi nəticəsində kənddə fərdi təsərrüfatlarda salınan sitrus meyvə bağlarına da ziyan dəyib.
Astara Rayon Fövqəladə Hallar Komissiyasının sədri Allahverən Mahmudovun verdiyi məlumata əsasən hadisə yerinə baxış keçirilib və müvafiq akt tərtib edilib. Toplanmış sənədlər Fövqəladə Hallar Nazirliyinə göndərilib.(AZƏRTAC)