Azərbaycan Silahlı Qüvvələrinin uğuru olan aprel döyüşlərindən  illər keçsə də qazandığımız qələbə həmişə fəxrimiz qurur mənbəyimiz olacaq. Respublikanın hər bölgəsindən, eyni zamanda rayonumuzda da hərbi xidmətdə olmuş əsgərlər, gizirlər – baş leytenant Elman Səmədov, baş gizir Məhəbbət Həsənov, Cəlil Əhmədov, Cəbrayıl Həsənov, Faruq Əlizadə, İlkin Məmmədov, çavuş İlham Sadıqzadə, əsgər Vüqar Əsgərov, Kamus Məmmədzadə və başqaları aprel döyüşlərinin iştirakçısı olmuşdur. Döyüşdə sol ayağını itirmiş müharibə veteranı, ikinci qrup əlil Orxan Əliyevlə bu günlərdə redaksiyada görüşüb söhbətləşdik.

– Orxan bildiyimiz kimi Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva  aprel döyüşünün  iştirakçıları ilə görüşmüşdür. Sən də o tədbirdə iştirak etdiyin üçün təəssüratını bizimlə bölüşməyini xahiş edirik.

    – Aprel  döyüşləri bizim üçün zəfər bayramı olmaqla yanaşı döyüş yoldaşlarımızı itirdiyimiz gündür. O günlərin xatirəsi heç zaman qəlbimizdən silinməyəcək. Elə Vitse-Prezident Mehriban xanım da bizimlə görüşdə bu döyüşdə şəhid olmuş əsgər və zabitlərimizin xatirəsinin heç zaman unudulmayacağını vurğuladı.

Məlumat üçün bildirək ki, Orxan Əliyev 1990-cı ildə Astara şəhərində doğulmuşdur. Şəhər 1 saylı tam orta məktəbini bitirmişdir. 2009-2010-cu illərdə Daxili Qoşunlarda hərbi xidmətdə olub. 2011-2016-cı illərdə müddətdən artıq hərbi xidmətdə olmuş, məlum aprel döyüşlərində ağır yaralanmış, sol ayağını itirərək Ordudan tərxis olunmuşdur.

Azərbaycan Silahlı Qüvvələrinin giziri Orxan Əliyev söhbət zamanı onu da bildirdi ki, Vətən onların xidmətini yüksək qiymətləndirir. Onun özü ikinci qrup əlil və Prezident təqaüdlərini alır. Mehriban xanımla görüşdən sonra isə  təşəkkürnamə almaqla “XƏZƏR” markalı maşınla təmin olunmuşdur.

Sonda onu da bildirmək istərdik ki, Orxan Əliyevin qardaşı Hüseyn də müddətdən artıq hərbi xidmətdədir.

Aprel döyüşlərində iştirak etmiş bütün əsgər və zabitlərimizə can sağlığı, şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Gülnar Əsədli

Astarainfo.az