Aprelin 26-da Astara şəhərindəki Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü qeyd edilib.

Tədbir iştirakçıları əvvəlcə Zərifə Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad edib, görkəmli alimin ömür yolu barədə videoçarxa baxıblar.

Toplantıda çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının sədri Firudin Əhmədov bildirib ki, dünya oftalmologiya elminə böyük töhfələr vermiş Zərifə xanımın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir.

Tədbirdə YAP Astara rayon təşkilatının Qadınlar Şurasının sədri Yasəmən Rəsulovanın “Gözlərə nur, qəlblərə mərhəmət bəxş edən böyük insan akademik Zərifə Əliyevanın ömür yolu hər bir insan üçün həyat və mənəviyyat dərsidir” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, görkəmli alim Zərifə Əliyevanın keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə xanım, eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olub. Onun özündən sonra qoyduğu yol bu gün tələbələri, yaxınları tərəfindən layiqincə davam etdirilir. Bildirilib ki, akademikin adını daşıyan Milli Oftalmologiya Mərkəzi bu gün qabaqcıl tibb müəssisəsi kimi dünya miqyasında tanınır. Bu Mərkəzdə elm sahəsində olduğu kimi, praktiki sahədə də Zərifə xanımın adına layiq böyük işlər həyata keçirilir.

Görkəmli akademikin adını daşıyan Milli Oftalmologiya Mərkəzi ölkəmizin cənub bölgəsində də geniş fəaliyyət göstərir. Traxoma xəstəliyinin yayıldığı bir dövrdə Zərifə Əliyevanın cənub bölgəsinə dəfələrlə səfər edərək humanitar aksiyalar təşkil etməsi də minnətdarlıqla xatırlanıb.

Toplantıda çıxış edənlər akademik Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinə verdiyi töhfələrdən danışaraq böyük alimin xalqımız qarşısında xidmətlərini yüksək dəyərləndiriblər.

Hazırladı-Elza Kazımova

Astarainfo.az