Astara Rayon Polis Şöbəsinin Dövlət Yol polisi bölməsi tərəfindən yol hərəkətinin təhlükəsizliyi istiqamətində növbəti maarifləndirici tədbir şəhər 2 saylı tam orta məktəbdə təşkil olunub.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə” dair 2019-2023-cü illər üçün Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı təşkil edilən tədbir “Yol hərəkəti təhlükəsizliyinin təbliği və təşviqinə” həsr edilib.

Çıxış edən Astara RPŞ-nin Dövlət Yol polisi bölməsinin rəisi, polis mayoru İlqar Rəhimzadə bu cür maarifləndirici tədbirlərin piyadaların iştirakı ilə baş verən qəzaların sayının azalmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

İ.Rəhimzadə daha sonra nümayiş etdirilən videoçarxlar vasitəsilə yollarda quraşdırılan nişanların, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışıb, təhlükəsizlik qaydalarını şagirdlərə izah edib. Qəzaların yaranma səbəbi, təhlükəli vəziyyətlərə gətirib çıxaran addımlar, sürücü və piyadaların riayət etməli olduğu qaydalar, hər birinin məsuliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Məktəblilər də öz növbəsində yol hərəkəti qaydaları haqqında hazırladıqları səhnəcikləri nümayiş etdirib, həmyaşıdlarını təhlükəsizlik qaydalarına qarşı biganə olmamağa səsləyiblər

Sonda tədbir iştirakçılarının yol hərəkəti ilə bağlı sualları cavablandırılıb. 

Astarainfo.az