Adın müqəddəsdir sənin ey qadın

Dahilər anası çağırılır adın!

Ölməz şairimiz Səməd Vurğunun bu bənzərsiz misralarını müqəddəs peşəni şərəflə daşımış, onlarla dahilər yetişdirmiş, dünya tibb elmində əvəzsiz töhfələri ilə tanınmış Azərbaycanın birinci xanımı olmuş oftalmoloq alim Zərifə xanım Əliyevanın nurlu ömür yoluna şamil etməkdə haqlıyıq.

Tarixdə dahi şəxsiyyətlərə, şirin xatirələri yaddaşlardan silinməyəcək insanlara həmişə rəğbətim, ehtiramım var. Elm, zəka sahiblərini Allahın nəzəri baxımından dövlətli, mülk sahibi sanıram. Budur, qarşımdakı şəkildə Zərifə xanımın nurlu, təbəssümlü siması yaddaşımda yatmış xatirələri çözələyir.

1944-cü ildə təyinatla Astaraya işləməyə gəlmiş Böyükxanım Əliyeva aclıq, səfalət tüğyan etdiyi məqamda özünü itirmədən həkimlik fəaliyyətinə başlayır. Şəhərli qızı nə daxmaların miskinliyindən, nə də insanların acınacaqlı ruzigarından usanmadan onların dərdinə məlhəm olur. Gərgin fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdi. O Sosialist Əməyin Qəhrəmanı, “Respublikanın əməkdar həkimi”, SSRİ Ali Sovetinin deputatı kimi rayonun ictimai, siyasi, mədəni həyatında dönüş yaratmışdı.

1995-ci ildə anadan olmasının 70, fəaliyyətinin 50 illik yubileyi rayonda təntənəli şəkildə qeyd ediləndən sonra yaşadığı Ərçivan kəndində Böyükxanım Əliyeva ilə uzun-uzadı söhbətləşdik. O söhbətin maraqlı məqamlarından biri də Zərifə xanımla bağlı dedikləri mənim diqqətimi çəkdi. Böyükxanım həkim maraqlandığımı görüb Zərifə xanımdan mənə söhbət açdı: – “Jurnalist kimi bilməlisən ki, vəzifə, var-dövlət gəldi-gedərdi. Amma nəciblik, yüksək əxlaqi keyfiyyət, mədəniyyət, zəka hər şeydən üstündür. Zərifə bacım, dostum, məsləkdaşım, insanlığın zirvəsində olan qadın idi. Onu tanıyandan özümü bəxtəvər zənn etmişəm. Allah mənə övlad nəsib etməyib. Kimlərsə xətrimə dəyib, hətta acıyanlar da olub. Zərifə xanım isə nəcib qəlbli insan kimi ürəyim sınmasın deyə heç zaman uşaqlarının adını yanımda çəkməzdi.

Bir dəfə təntənəli bir məclisdə rəfiqəm yeniyetmə bir oğlanı mənimlə tanış edəndə “bu kimdir” deyə soruşdum. O bir qədər sıxılmış halda “bu da ailəmizin bir üzvüdür” söyləyəndə dostumun həssaslığından gözlərim yaşardı, ona rəğbətim artdı.

1982-ci ildə sovxozda kənd zəhmətkeşləri ilə səyyarı görüş keçirərkən dövlət başçısı Heydər Əliyevin rayona gəlişini söylədilər. Çox çəkmədi düşərgənin önündə dayanmış maşından mənə dikilmiş təbəssümlü, nurlu çöhrəni görərkən gözlərimə inanmadım. İnanın ki, bizim qucaqlaşıb görüşməyimizdən təsərrüfat işçiləri belə təsirləndilər. Fəxrlə deyə bilərəm ki, “Sosialist Əməyi Qəhrəmanı” adını almağım münasibəti ilə məni ilkin təbrik edən də Zərifə xanım olub.

Bir dəfə Kremldə qeydiyyat vaxtı şəkil çəkdirdik. Təsadüfən şəkillər məndə qalmışdı. Sonralar şəkli Zərifə xanıma verəndə o, “Bilirdim ki, məni çox istəyirsən” deyərək qucaqlaşdıq.”

Akademik Zərifə xanımın oftalmologiya elminin inkişafında xidmətləri çoxsahəlidir. Müxtəlif göz xəstəliklərinin müalicə profilaktika tədbirlərinin hazırlanmasında gərgin zəhmət çəkmiş Zərifə xanım ömrü boyu maraq dairəsini genişləndirmişdir. Elm aləmində yeni bir istiqamət, oftalmologiyanın əsasını qoymaqla dünya tibb elmində novator alim kimi tanınır. Zərifə xanımın elmi fəaliyyətinin digər sahələrindən biri klinik diaqnostik istiqamətdə apardığı tədqiqatlardır ki, onların da nəticələri həkimlər üçün yazılmış dərs vəsaiti və monoqrafiyalarda cəmləşmişdir. Bu əsərlər arasında “Kəskin virus konyunktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və b. oftalmoloci elmi-ictimaiyyət və praktik həkimlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Alim göz yaşı aparatının xəstəliklərinin öyrənilməsinə xüsusi diqqət yetirmiş, bu sahəyə həsr etdiyi “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və b. əsərləri ilə Azərbaycan lakrimologiyasının əsasını qoymuşdur.

Zərifə xanım Əliyevanın 96 illik yubileyi ərəfəsində hamıya məlhəm, ən çətin anlarda ömrümüzə həmdəm sandığımız, ömrün dolaylarında həmişə gərəyimiz olan həkim ömrünə bələd insan kimi əvəzsiz həkim ömrü yaddaşlarda oxunacaq əbədiyyət nəğməsidir.

Ruhun şad olsun dahi insan Zərifə xanım!

Gülnar Əsədli

Astarainfo.az