Balakən rayonunda Yeniyetmələrin XII Respublika Oyunları proqramına daxil olan sərbəst və yunan-Roma güləşi üzrə 2004-2005-ci il təvəllüdlü idmançılar arasında keçirilən respublika birinciliyinin final mərhələsi başa çatıb.

Beş gün davam edən yarışda astaralı idmançı Musa Ağayev 48 kiloqram çəki dərəcəsində ikinci yeri tutaraq gümüş medala sahib olub.

Musa Ağayev sərbəst güləş üzrə Azərbaycan yığma komandasının tərkibində Avropa çempionatında iştirak etmək hüququ qazanıb.

Onu yarışa Əməkdar məşqçi, Astara Uşaq İdman-Şahmat Məktəbinin məşqçisi Məhərrəm Ağayev hazırlayıb.

Astara Rayon Gənclər və İdman İdarəsində ölkə birinciliyində uğur qazanmış Musa Ağayev və onun məşqçisi ilə görüş keçirilib.

Görüşdə çıxış edən idarənin rəisi Ərçə Əliyev yeniyetmə idmançını təbrik edərək, ölkəmizdə idmanın bütün növlərinin, o cümlədən güləşin inkişafına göstərilən dövlət qayğısından, idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlardan danışıb.

Rufan Şirinov

Astarainfo.az