Dövlət başçısı cənab İlham Əliyevin şəxsi tapşırığına əsasən ölkə vətəndaşları hər il fevral ayının 12-dən başlayaraq may ayının 12-ə kimi pulsuz, yəni heç bir ödəniş aparılmadan tibbi müayinədən keçirlər. Bütün səhiyyə ocaqları öz qapılarını sakinlərin üzünə açır, tibbi personal onların xidmətində dayanır, müasir texniki vasitələr müayinənin keyfiyyətlə aparılmasına yardımçı olur. Hər il olduğu kimi, cari ildə də Astara rayon Mərkəzi Xəstəxanasının həkim və tibb işçilərindən ibarət briqada əhalinin kütləvi şəkildə tibbi müayinəsinin yüksək səviyyədə təşkili üçün bütün qüvvələri səfərbərliyə almışlar. Əhaliyə pulsuz müayinə bütün tibb ocaqlarında yüksək səviyyədə təşkil olunmuşdur. Mayın 2-dək olan məlumata görə rayon əhalisinin 70 min nəfərdən çoxu tibbi müayinədən keçmişdir. Xəstəliyi müəyyən olunanlardan bəziləri ambulator, digərləri yerli xəstəxanada stasionar müalicəyə cəlb olunmuşdur. 

Xəstəxananın yüksək ixtisaslı həkim və tibb işçiləri təkcə rayon mərkəzində deyil, ayrı-ayrı yaşayış məntəqələrində, hətta ən ucqar dağlıq ərazidə yerləşən kəndlərdə də vətəndaşların tibbi müayinəsinin təşkilinə ciddi diqqət yetirirlər. Aydın həqiqətdir ki, ucqar dağlıq ərazidə yerləşən kənd sakinlərinin əksər hissəsi tibbi müayinə və müalicə məqsədilə rayon mərkəzində yerləşən xəstəxanalara gəlməyə çətinlik çəkir.

Bütün bunları nəzərə alaraq İcra Hakimiyyətinin və Mərkəzi Xəstəxananın rəhbərliyinin təşkilatçılığı ilə peşəkar həkim və tibb işçilərindən ibarət geniş tərkibli briqada mayın 2-də rayon mərkəzindən 50 kilometr uzaqlıqda, ucqar dağlıq ərazidə yerləşən Asxanakəran və Hamoşam kəndlərində olmuş, yüzlərlə kənd sakininin müasir tibbi avadanlıqlarla müayinəsini təşkil etmiş, müalicə məqsədilə konkret və əməli tədbirlər həyata keçirmişlər.

Mərkəzi Xəstəxananın baş həkimi, tibb üzrə fəlsəfə doktoru, Əlövsət Əliyevin rəhbərlik etdiyi səyyar tibb briqadası Asxanakəran və Hamoşam  kəndlərində yerli əhali ilə səmimi görüş keçirdi.  Baş həkim kənd sakinləri ilə söhbət zamanı bildirdi ki, son dövrdə həkim və tibb işçilərimiz ucqar ərazidə yerləşən kəndlərdə bir neçə dəfə belə görüşlər keçirmiş, əhalinin tibbi müayinəsinin təşkili üçün konkret tədbirlər görmüşlər. Bu görüşlər ölkə Prezidenti möhtərəm İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin bariz nümunəsidir. Rayon rəhbərliyinin qayğısı və təşkilatçılığı ilə keçirilən belə tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunmasına layiqli töhfədir. Bu gün bizimlə birlikdə “Əhalinin dövri tibbi müayinəsi” çərçivəsində poliklinika  şöbəsinin müdiri, terapevt Gülnar Muxtarova,  pediatr Orxan Əmənullayev, Zemfira Rəsulova, həkim-terapevt Elnarə Zeynalova,  həkim kardioloq Rüfət Səmədov, həkim-nevropatoloq Jalə Ağayeva, həkim-endokrinoloq Nailə Mustafayeva, Təranə Tanrıverdiyeva, həkim-otorinolarinqoloq Naib Əsgərov, Fərhad Həsənov, USM üzrə mütəxəssis Arif Novruzov, mama-ginekoloq Ülviyyə Nemətova, Afiqə Məmmədova, həkim laborant Aydın Əhmədov,  laborant Rövşən Əliyev, Rufanə Əliyeva sizinlə görüşə gəlmişlər. Asxanakəran və Hamoşam kənd xəstəxanasında bütün xəstələrin aidiyyəti üzrə həkimlər tərəfindən qəbulu üçün normal şərait yaradılmışdır.

Gün ərzində Asxanakəran və Hamoşam inzibati ərazi nümayəndəliklərinə daxil olan kəndlərin 500 nəfər sakini baş həkim, yüksək ixtisaslı cərrah Əlövsət Əliyevin və digər həkim və tibb işçilərinin qəbulunda olmuş, müayinə və müalicə edilmiş, müasir tibb avadanlıqlarının (USM) xidmətindən istifadə etmişlər. Rayonun yüksək peşəkarlığa malik həkim və tibb işçilərindən ibarət səyyar briqadanın xidmətindən istifadə edən kənd sakinləri uzaq və çətin relyefə malik dağlıq ərazidə yerləşən kəndlərə gəlib yüksək səviyyəli nümunəvi səhiyyə xidməti göstərdiklərinə görə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.

Asxanakəran kənd sakini, Aygün Eynəliyeva: –  Möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan misilsiz inkişaf yolu keçir.   İcra başçımız Qəzənfər Ağayev tez-tez ən ucqar dağ kəndlərində əhali ilə görüşlərə gəlir, qaldırılan məsələlərə həssaslıqla yanaşır. Peşəkar tibb işçilərindən ibarət səyyar briqadanın kəndimizə – bizim görüşümüzə gəlməsi rayon rəhbərliyi tərəfindən bizə göstərilən qayğının parlaq təzahürüdür. Uşağım neçə vaxt idi ki, xəstəliklərdən əziyyət çəkirdi. Burada  məni və uşağımı diqqətlə müayinə etdilər, USM aparatında yoxladılar, müalicə məqsədilə lazımi tövsiyələr verdilər. Bir daha həkimlərimizə təşəkkürümü bildirirəm.

Asxanakəran kənd sakini Tarıyel Qurbanov: Sağolsun rayonumuzun həkimləri özləri bizim qəbulumuza gəliblər. Neçə vaxtdır ki, qulaq, burun, boğaz ağrılarından əziyyət çəkirdim. Məni yenidən ətraflı şəkildə müayinə etdilər. Lazımi dərmanları verdilər. Bu qayğı və diqqətə görə təşəkkürümü bildirirəm.

Asxanakəran kənd sakini Əntiqə Baxşıyeva : -Biz burada həkimlərimizin verdiyi tövsiyə və məsləhətləri razılıqla qarşıladıq. Xüsusən qızlarımızın erkən yaşda ərə verilməsinin zərəri barədə deyilənləri qəbul edirik. Bəli, biz qadınlar övladlarımızın xoşbəxt olmaları üçün bu məsələyə diqqəti artırmalıyıq. Qızlarımız  həddi-buluğa çatdıqdan sonra, həyatda mövqe qazandıqdan sonra ailə həyatı qurmalıdırlar. Bu gün eşidəndə ki, həkimlərimiz ucqar dağ kəndinə gəlib çox sevindim. Bəzən qarın nahiyəmdə ağrılar olurdu. Ona görə özüm həkim müayinəsindən və USM-dən keçdim. Həkimlərdən çox razıyam. Allah razı olsun onlardan.

Kənd sakinləri uzaq yol gəlib ucqar dağlıq ərazidə yerləşən sakinlərin müayinə və müalicəsi ilə məşğul olduqlarına görə bütün tibb işçilərinə minnətdarlıqlarını ifadə etdilər və bir daha vətəndaşların rifah halının yaxşılaşdırılması üçün konkret və əməli tədbirlər həyata keçirən ölkə başçısı İlham Əliyevə, rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə hədsiz məhəbbətlərini bildirdilər.

Astarainfo.az