Ölkəmizin cənub bölgəsində ənənəvi əkin sahələrindən biri də çayçılıqdır. Ötən əsrin otuzuncu illərindən başlayaraq çayçılıq cənub bölgəsinin Astara, Lənkəran və Masallı rayonlarında inkişaf etdirilib.

Azərbaycan öz müstəqilliyinə yenidən qovuşduqdan sonra uzun müddət tənəzzül dövrünü yaşayan çayçılıq sahəsi dövlət qayğısı və dəstəyi ilə yenidən inkişaf etdirilir.

Ölkəmizdə aqrar sahənin inkişafına göstərilən dövlət qayğısı nəticəsində kənd təsərrüfatının bütün sahələrində, o cümlədən çayçılıqda yaranmış tənəzzül aradan qaldırılıb.

Regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramlarında Astara rayonunda yaşıl çay yarpağı istehsalının və emalının inkişaf etdirilməsi, yeni çay plantasiyalarının salınması bir vəzifə kimi dövlət orqanları və sahibkarlar qarşısında qoyulub.

“Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” ölkəmizdə, o cümlədən Astara rayonunda çayçılığın inkişafı üçün geniş imkanlar açıb.

Dövlət Proqramlarına müvafiq olaraq son illər rayonda yeni çay plantasiyalarının salınıb, çay əkininin dinamikası artan sürətlə davam edib.

Çay yığımının davam etdiyi ərəfədə əməkdaşlarımız Astaraçay MMC-yə məxsus Şüvi təsərrüfatında olmuşlar. Onlar çayın dərilməsi, yığılması və emalı ilə yaxından tanış olublar.

Aqranom Qədəğə Ağayevin verdiyi məlumata əsasən  “Astaraçay” MMC-nin 400 hektar çay sahəsi vardır. Bunun 140 hektarı Astara təsərrüfatına daxildir. Hər təsərrüfatda 25-30 işçi çalışır.  Şüvi təsərrüfatında isə 20.5 hektar çay kolu vardır ki, hazırda buradan 4 ton məhsul yığılıb. Ötən ildən fərqli olaraq bu il üç yarpaq və yaxud tər yarpaq yığımına başlanılıb.  Bir neçə mərhələlərlə may ayından başlayaraq aparılan çay yığımının hazırda birinci yığım bir neçə günə başa çatacaqdır.

Müsahibimiz aparılan düzgün aqrotexniki qulluqların sayəsində çay yığımında ildən-ilə keyfiyyət və artım olduğunu bildirdi.

Bunun üçün isə il boyu çay plantasiyalarına düzgün aqrotexniki qulluq  göstərilməli və əlverişli hava şəraiti lazımdır. Qeyd edək ki, fermerlər 1-ci çay yığımından sonra suvarma və digər aqrotexniki qulluqları düzgün yerinə yetirərlərsə, 10-15 gün sonra 2-ci çay yığımına da başlaya bilərlər.

Hazırda ilk çay yığımından “Astaraçay” MMC-yə məxsus 400 hektar sahədən 55 ton məsul yığılıb.

Nicat Raufoğlu

Astarainfo.az