Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə yol hərəkətinin təhlükəsizliyi ilə bağlı şəhər 1 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.

“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı təşkil edilən tədbirdə çıxış edən Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin rəisi, polis mayoru İlqar Rəhimzadə bu cür maarifləndirici tədbirlərin piyadaların iştirakı ilə baş verən qəzaların sayının azalmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Sonra yol hərəkətinin təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdirilib və məktəblilərə yollarda quraşdırılan nişanların, işıqfor və piyada keçidlərinin mahiyyətindən danışılıb.

Məktəblilərə, həmçinin qəzaların yaranma səbəbi, təhlükəli vəziyyətlərə gətirib çıxaran addımlar, sürücü və piyadaların riayət etməli olduğu qaydalar barədə ətraflı məlumat verilib.

Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov çıxışında ümumtəhsil məktəblərində polis əməkdaşları tərəfindən vaxtaşırı keçirilən bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb, şagirdlərə səsləndirilən faktları və verilən məlumatları diqqətlə dinləməyi, özlərinin və ətrafdakıların təhlükəsizliyi məqsədilə yol hərəkəti qaydalarına riayət etməyi tövsiyə edib.

Tədbirdə şagirdlər yol hərəkəti qaydaları haqqında hazırladıqları səhnəcikləri nümayiş etdirib, həmyaşıdlarını təhlükəsizlik qaydalarına qarşı biganə olmamağa səsləyiblər.

Astarainfo.az