Mayın 19-da Dövlət İmtahan Mərkəzinin 2019/2020-ci tədris ilində ölkəmizin ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları Lənkəranda 5 imtahan mərkəzində – şəhər 2, 3, 4, 5 nömrəli və Sütəmurdov kənd tam orta məktəblərində keçirilib.

Yeddi rayonun-Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının abituriyentlərinin iştirak etdiyi imtahanların idarə olunmasına Lənkəranda 18 imtahan rəhbəri, 204 nəzarətçi-müəllim cəlb olunub.

Qəbul imtahanında abituriyentlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə II qrupda riyaziyyat, coğrafiya və tarix, III qrupda isə Azərbaycan dili, ədəbiyyat və tarix fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilib.

Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı verilib. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir.

Lənkəranda keçirilən qəbul imtahanında 2406 abituriyent iştirak edib. Şəhər 2 nömrəli tam orta məktəbində keçirilən qəbul imtahanında qeydə alınmış 521 nəfər abituriyentdən 12 nəfəri imtahana gəlməyib.(AZƏRTAC)