Məktəblilər gələcəkdə cəmiyyətdə faydalı bir fərd, Vətənə layiqli övlad olmaları üçün vətənpərvərlik ruhunda böyüməli, həm özünün, həm də Vətəninin, xalqının gözəl sabahını düşünərək təhsili, vətənpərvərliyi, səmərəli fəaliyyəti və sağlam həyat tərzini özünə mayak seçməlidirlər.

Astarainfo.az xəbər verir ki, bu fikirlər Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 3 nömrəli tam orta məktəbdə “Müasir Azərbaycan gəncliyini narkomaniyadan qoruyaq” mövzusunda keçirilən tədbirdə səsləndirilib.

Tədbirdə çıxış edən Astara Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov narkotik vasitələrin insana mənəvi və fiziki zərərlərindən, onun səbəb olduğu ağır fəsadlardan danışıb.

O, məktəbli gəncləri diqqətli olmağa və asılılıq yaradan, insanı məhvə sürükləyən kənar, zərərli təsirlərdən uzaq olmağa çağıraraq qeyd edib ki, bu cür maarifləndirici tədbirlərin məqsədi də məhz gənclərin gözəl və sağlam gələcəyə hazırlanması, onların düzgün istiqamətləndirilməsidir.

Bildirilib ki, bu istiqamətdə daxili işlər orqanlarının əməkdaşları da öz fəaliyyətini əsirgəmirlər. Onlar sağlam cəmiyyət üçün təhdid olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qətiyyətlə mübarizə aparır və eyni zamanda, maarifləndirici tədbirlər təşkil etməklə sağlam həyat tərzini təbliğ edirlər.

Maarifləndirmə tədbirində çıxış edən Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov, Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Amal Rzayev və məktəbin direktoru Adil Rzayev narkotik və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlardan danışaraq, bu bəlanın ailələrin dağılmasına, cinayətkarlığın artmasına, eləcə də bir sıra ağır xəstəliklərin yaranmasına səbəb olduğunu bildiriblər.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.