Lənkəranda kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Sitrus meyvəçiliyinin və çayçılığın inkişafına dair Dövlət proqramlarının icrası ilə əlaqədar mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda zona müşavirəsi keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf mərkəzlərinin direktorları, Elmi-Tədqiqat institutlarının nümayəndələri, həmçinin cənub bölgəsindən bu sahə ilə məşğul olan 100-ə yaxın fermer iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, müşavirədə sitrus meyvəçiliyi və çayçılığın cənub bölgəsində iqtisadiyyatın əsasını təşkil edən ənənəvi sahələrdən biri olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə bu sahələrin inkişafını nəzərdə tutan Dövlət proqramları qəbul olunub. Dövlət proqramlarının qəbul edilməsindən sonra bu sahələrin inkişafında ciddi şəkildə dönüş yaranıb.

Kənd təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi, aqrar sahə də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Nazir qeyd edib ki, dövlət başçısı tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir: “Prezident İlham Əliyev tərəfindən ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, torpaq və su resurslarından səmərəli istifadə ilə bağlı qarşımıza çox mühüm tapşırıqlar qoyulub. Resurslardan səmərəli istifadə və innovativ texnologiyaların geniş tətbiqi ilə bu sahədə məhsuldarlıq daha da artırılmalıdır. Aqrar siyasətin əsasını ərzaq təhlükəsizliyinin təmin edilməsi, bu sahədə məşğulluğun genişlənməsi və ixracın artırılması təşkil edir. Bildiyiniz kimi, sitrus meyvəçiliyi və çayçılıq aqrar sahənin prioritet istiqamətlərindən biridir. Azərbaycanın iqlim şəraiti daha çox məhsuldarlıq üçün münbit şərait yaradır. Sitrus meyvəçiliyi və çayçılıq ölkəyə valyuta axınına imkan verən, məşğulluğu təmin edən, əmək tutumlu önəmli bir sahələrdəndir. Sitrus meyvəçiliyinin və çayçılığın inkişafı bu məqsədlərə nail olmağa imkan verir. Həm sitrus meyvəçiliyinin, həm də çayçılığın inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarında konkret hədəflər müəyyən edilib. Proqramların əsas məqsədi bu sahədə daha yüksək inkişafa, məhsuldarlığı artırmağa nail olmaqdır. Bu hədəflərə çatmaq üçün konkret tədbirlər həyata keçirilir. Həyata keçirilən məqsədyönlü tədbirlər aqrar sahənin dinamik və dayanıqlı inkişafını təmin edir”.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev “Azərbaycanda sitrus meyvə bağlarının, çayçılığın mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzularında məruzə ilə çıxış edib.

Fermerlər Azər Qurbanov, Ağaşirin Ağayev, İlkin Əzimov və Nizami Rəsulov sitrus meyvəçiliyinin və çayçılığın inkişafı ilə bağlı fikirlərini bölüşüblər.

Müşavirədə gübrə, dərmanlarla təminat, sitrus meyvəçiliyi və çayçılığın inkişafı istiqamətində fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb. Tədbirdə bu sahələrin inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, bu cür müzakirələrin mütəmadi keçirilməsi qərara alınıb.(AZƏRTAC)