Mayın 31-də rayon gənclər evində icra hakimiyyəti, polis şöbəsi, təhsil şöbəsi, gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə “31 May Ümumdünya Tütünlə Mübarizə Günü” münasibətilə seminar­-müşavirə,  rəsm müsabiqəsi və rəsm sərgisi keçirilib.

Tədbiri giriş sözü ilə açan gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev Ümumdünya Səhiyyə Təşkilatına üzv olan dövlətlərin təşəbbüsü ilə tütünün səbəb olduğu ölüm halları, xəstəliklər, həmçinin tütün epidemiyasına qarşı dünyanın diqqətini çəkmək məqsədi ilə 1988-ci ildə 31 may tarixini Ümumdünya Tütünlə Mübarizə Günü kimi  qeyd edildiyini bildirib.          

  Polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Amal Rzayev,  gənclər və idman idarəsinin aparıcı məsləhətçisi Rufan Şirinov məruzə ilə çıxış edərək əhalinin sağlamlığının qorunması, uşaqların, yeniyetmələrin və gənclərin sağlam böyüməsi, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istehlakının zərərli təsirinin azaldılması, tütünün öldürücü təsirləri haqqında  geniş məlumat veriblər.

Sonra Kijəbə qəsəbə sahə xəstəxanasının həkim-laborantı Ulduzə Səfərova, təhsil şöbəsinin müdiri Rəşad Həsənov, Respublika Rəssamlar İttifaqının üzvü Firudin Quliyev,  Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov çıxış edərək ölkə başçımız cənab İlham Əliyev tərəfindən gənclərlə göstərilən yüksək diqqət və qayğıdan,  ölkəmizdə bu mövzu ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətində, tütünün törətdiyi xəstəliklərdən,  zərərli tərkibindən, tənəffüs, həzm, ürək-damar, sinir sisteminə vurduğu zərərlərdən geniş məlumat veriblər.

 Tədbirdə  Rəsm Qalereyasının yeniyetmə rəssamlarının çəkdiyi rəsmlər nümayiş olunub.

Ruhanə Hüseynzadə, Əlirza Axundzadə, İlahə Ağacanovanın çəkdiyi rəsmlər  I, II və  III yerlərə layiq görülərək, gənclər və idman idarəsinin diplomları ilə təltif olunublar. 

  Rufan Şirinov

Astarainfo.az