Qələbə sevinci onu yaşadır

Prezident İlham Əliyevin faşizm üzərində qələbənin 74-cü ildönümü ilə bağlı imzaladığı  Sərəncamda qeyd edilir ki, 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1000 (min) manat məbləğində, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım verilsin.

Məlumata görə Astaradan 5612 nəfər İkinci Dünya Müharibəsində iştirak edib. Onlardan 1064 nəfəri müharibədə həlak olub, 827 nəfəri  itkin düşüb, 3 nəfəri  Ziya Bünyadov, Mirzə Cəbiyev, İlya Kaverin Sovet İttifaqı qəhrəmanı, 2 nəfəri Rəhmət Hətəmov, Ağahəsən Nəhmətov isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülüb. Hazırda İkinci Dünya Müharibəsi iştirakçılarından 6 nəfəri Pəlikəşdən Əli Əzizov, Pensərdən Abdulla Qasımov, İzzət Nemətov, Şiyəkərandan Hidayət Əliyev, Cəbrayıl Nəhmətov, Ərçivandan Qulam Baxşıyev yaşayırlar.

İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin  74-cü ildönümü münasibətilə “Astara” qəzetinin əməkdaşları rayonun bir neçə sağ qalmış veteranlar ilə görüşmüşlər.

Ərçivan qəsəbə sakini,  Böyük Vətən müharibəsi veteranı Qulam Baxşıyevlə evində görüşdük. Aradan uzun illər ötsə də qələbənin sevinci onu yaşadırdı.

Qulam Baxşıyev 1925-ci ildə Ərçivan qəsəbəsində zəhmətkeş ailədə doğulub. Kənd məktəbini bitirəndən sonra  Böyük Vətən müharibəsinə   yəni 1944-cü ildə Çeçenistanın Qroznu şəhərinə xidmətə yollanmış Qafqaz uğrunda gedən döyüşlərdə böyük fədakarlıq göstərmiş, 1945-ci il may ayının 5-də müharibədən  tərxis olunmuşdur. O, odlu-alovlu müharibədə döyüş yerinə silah-sursatın göndərilməsi və neft buruqlarının müdafiəsində böyük əməyi olmuşdur.                     

Müharibədən qayıdandan sonra Burzubənd kənd məktəbində 3 il (1946-1949-cu illər) ibtidai sinif müəllimi kimi çalışıb. 1949-cu ildə Xədicə Əliyeva ilə ailə həyatı qurub.  7 oğlu, 3 qızı, çoxlu nəvə-nəticəsi vardır. Qələbənin yubileyi ilə əlaqədar 7 medal ilə təltif olunub.    

Müharibə iştirakçılarının sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı imzaladığı Fərman və Sərəncamlara görə Qulam Baxşıyev ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi.   

İgid kəşfiyyatçı

Nehmətov İzzət Məmmədsəfa oğlu 1925-ci ildə rayonun Pensər kəndində doğulub. Orta təhsildən  sonra 1940-cı ildə Lənkəran Pedaqoji Texnikumuna daxil olub.  1943-cü ildə ordu sıralarına çağırılaraq Smolensk şəhərinə yola salınmışdır. Döyüşlərdə ayağından yaralanmış və bir neçə gün hərbi hospitalda müalicə olunduqdan sonra yenidən Belarusiya cəbhəsində gedən döyüşlərdə iştirak etmişdir. Belarusiya cəbhəsində Marşal Rakasovskinin komandanlığı altında gedən döyüşlərdə 7 nəfərdən ibarət kəşfiyyat qrupunun tərkibində Vitepsk şəhərində 8 alman əsgərini girov götürərək, cəbhə komandanlığının rəhbərliyinə təhvil vermişlər.

1944-cü ildə döyüşlərdə ağır yaralanaraq bir müddət hospitalda müalicə aldıqdan sonra II qrup əlil kimi ordudan tərxis olunmuşdur.   Müharibədən sonra rayonun Təngərüd, Hamoşam, Asxanakəran, Pəlikəş, Burzubənd və Pensər kəndlərində müəllim işləmiş, 1986-cı ildə I qrup əlil kimi təqaüdə çıxmışdır. İzzət müəllimin  7 oğlu, 2 qızı, 22 nəvəsi, 33 nəticəsi vardır. Ən böyük arzusu torpaqlarımızın erməni təcavüzkarlarından azad olunmasıdır.

İzzət müəllim müharibədə göstərdiyi igidliyinə görə bir neçə orden və medallarla təltif olunmuşdur. Dövlətimiz tərəfindən ona  minik avtomobili  hədiyyə edilmişdir. O,  Böyük Vətən müharibəsinin “70 illik” yubileyi ilə əlaqədar Belarusiya respublikasının prezidenti Lukaşenko tərəfindən Belarusiyanın azad olunmasında göstərdiyi şücaətə görə təşəkkür məktubu almışdır. Söhbət zamanı müharibə veteranı dövlət rəhbəri cənab İlham Əliyevin onlara  göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirdi.

Astarainfo.az