“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Prezident İlham Əliyevin 2017-ci il 27 noyabr tarixli Sərəncamına müvafiq olaraq uzun illik fasilədən sonra Astara rayonunda ötən il ilk dəfə olaraq barama istehsalına başlanılıb.

Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2018-ci ildə rayonda 700 kiloqramdan çox yaş barama məhsulu tədarük olunub.

Bu il Astara rayonu üçün ayrılmış 100 qutu ipəkqurdu 14 yaşayış məntəqəsində bu sahədə təcrübəsi olan insanlara paylanılıb. İlkin mərhələdə tədarük məntəqəsinə 1 ton 226 kiloqram yaş barama məhsulu təhvil verilib.

Astaralı kümçülərin bir ay ərzində çəkdiyi zəhmət, görülən aqrotexniki tədbirlər öz bəhrəsini verib. Tədarük edilən barama “Azəripək” MMC-yə təhvil verilir.

Məhsul istehsalçılarına baramanın hər kiloqramına görə 5 manat subsidiya verilir. Bundan başqa, məhsulu qəbul edən tədarük məntəqəsində istehsalçılara bir kiloqram yaş barama üçün əlavə 4 manat ödənilir.

Qeyd edək ki, bu il Astara rayonunda 1,5 ton barama istehsalı nəzərdə tutulub.