Minilliklər əvvəl Azərbaycanda təşəkkül tapmış xalq sənəti növlərindən biri də həsirçilikdir. Həsir toxumaq keçmişdə kollektiv məşğuliyyət olub. Sonralar bu işlə hərə öz evində məşğul olub. Ölkəmizdə elə bölgələr var ki, hazırda ailələr gündəlik qazancını həsir toxumaqla çıxarır. Buna Masallının Musaküçə və Astaranın Kakalos kəndlərini misal gətirə bilərik.Azərbaycanda həsirçilik daha çox cənub bölgəsində istifadə olunan xalq sənətidir. Burada həm qadınlar, həm də kişilər həsir toxuyur. Xüsusilə Masallı, Lənkəran və Astarada həsir qədimdən əvəzsiz məişət əşyası sayılıb. Masallıda yaşayanlar sadə, Astara və Lənkəranda yaşayanlar isə naxışlı həsirlərə üstünlük verirlər. İndi də cənub bölgəsinin əksər kəndlərində həsirçilik əhalinin əsas məşğuliyyəti hesab olunur. Masallının Musaküçə kəndində yaşayan əksər ailələr gündəlik qazancını həsir toxumaqla çıxarır. Kənddə 30 ildən çoxdur həsir toxuyan Ağayevlər ailəsi kimi. Bu sənət onlara babasından miras qalıb. İşinin mahir ustası olan Əlibala Ağayev cənub bölgəsinin rütubətli təbiətinə görə həsirə böyük tələbatın olduğunu deyir. Toxuduqları həsirləri paytaxt Bakı və əsasən ətraf rayonlardan gələn müştərilərə satır. Sifarişlər daha çox müxtəlif çeşiddə olan zənbillərə və papaqlaradır. Həsirçi Əlibala Ağayev: “Ata-babadan bu işlə məşğuluq, çörəyimiz həsir, zənbil toxumaqdan çıxır. Həsirdən müxtəlif formada zənbillər toxuyuruq, misal üçün zənbillər var yumru çiyindən asılma. Qapaqlı zənbillər, uşaqlar üçün zənbillər, moruq yığmaq üçün səbətlər. Demək olar ki, bizə necə sifarişlər verirlərsə, biz onu toxuya bilərik”.

Həsirin toxunma mövsümü payız fəslində olsa da sifariş çox olduğundan Musaküçə kəndində bu işlə ilboyu məşğul olurlar. Əlibala Ağayev deyir ki, həsirlərin ölçüsü fərqli olduğu kimi, toxunuşu da zövqə görədir. Məxsusi sifarişlər olanda həsir müxtəlif həndəsi fiqurlarla bəzədilir. Bu ölçülərə görə də qiymətlər dəyişir: “Dörd metr uzunluğu, 1 metr yarım eni olan həsiri demək olar bir günə toxuyuruq. Hazırda həsirin qiyməti 12 manatdan 15 manat arasındadır. Səbətlərin ən kiçiyinin qiyməti 3 manatdan başlayır”.

Həsir çantalar uzunmüddətlidir, möhkəmdir, yükgötürmə qabiliyyəti də çoxdur, tez cırılmır. İçindəki məhsulları da yaxşı saxlayır, xarab olmaqdan qoruyur, həm də içi görünmür.

Həsirçi müsahibim deyir ki, həsir quru yerdə saxlanılanda çox qalır. Elə həsir var 10 il qalır, nəmişlik olan yerdə isə 2 il qalır.

Masallı rayonunda Musaküçə kəndindən başqa Şatıroba kəndində də həsir toxuyanlar var. Həmçinin Lənkəran və Astara rayonlarının bir neçə kəndində bu ənənə yaşadılır. Rayonun Kakalos kənd sakini Rüfət Rzayev uzun illərdir mədəniyyət sahəsində çalışsa da, kəndlərində məşhur olan həsir toxuma sənəti ilə gənc yaşlarından məşğuldur: “Astara rayonun dilbər guşəsi olan Kakalos kəndində biz bu həsirçiliyi yaşadırıq, çünki bizə bu sənət ata-babalarımızdan qalıb. Bizdə sənəti gələcək nəsillərə ötürmək üçün davamçılarımıza öyrədirik. Həsir müalicəvidir. Bunun ağacında filtr var. Rütubəti qoruyur. Həsirin üstündə yatan sağlam olar. O, rütubəti özündə qoruyur saxlayır”.

Astara rayonunun Kakalos kəndi özünün spesifik həsirləri ilə çox məşhurdur. Həsir hazırlamaq üçün yaz-yay fəslində qamışlıqlara yollanan kəndlilər “pizə” adlanan xüsusi xammal toplayırlar. Həsiri də qurudulmuş “pizə” çubuğundan şaquli və ya üfüqi dəzgahda toxuyurlar. Kakaloslular həsir toxuyarkən həndəsi fiqurlardan daha çox istifadə edirlər. 40 ildir həsir toxuyan Rüfət Rzayev deyir ki, bu bölgələrdə həsiri yerə sərilən palaz-xalçanın altına səriblər ki, rütubəti özünə çəksin, xalçanın tez yeyilərək istifadəyə yararsızlığının qarşısı alınsın və davamlı olsun:” Evləri palçıqla suvayar, qurudub bu həsirdən içinə qoyardılar. Həsirin üstünə isə xalça sərilərdi. Həsir xalçanı qoruyur və qoymur tükü tökülsün. Bir də həsiri dəmir çarpayının üstünə sərib üstünə döşək qoyardılar ki, döşək xarab olmasın”.

Cənub bölgəsi rütubətli olduğundan həsir həm də müdafiə rolu oynayır. Azərbaycanda həsirdən evlərdə rütubətdən qoruyucu məişət əşyası ilə yanaşı, dekorativ bəzək ornamenti kimi də istifadə edilir. Bəzi bölgələrdə toylarda xonça əvəzi həsir çantalardan da istifadə olunur. Hətta hədiyyə üçün alanlar da var, gəlib özləri sifariş edirlər, formalarını deyirlər. Əlbəttə ki, bu gün həsirdən hazırlanan bir çox əşyalar forma və dizayn baxımından daha dekorativ və cəlbedicidir. Bu da Azərbaycanda həsirçilik sənətinin xarici görünüş baxımından daim inkişafda olmasını və yenilənməsini göstərir.(AZƏRTAC-İsmayıl Cəfərli)