Son illər Astara rayonunda səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması, səhiyyə müəssislərinin maddi-texniki bazasının möhkəmləndirilməsi əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini xeyli yaxşılaşdırıb.

Rayonda ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması vətəndaşların sağlamlığının qorunmasında mühüm rol oynayıb.

Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev bildirib ki, Mərkəzi Xəstəxana tabeliyində olan kənd sahə xəstəxanaları ilə birlikdə 186 çarpayılıqdır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Astara Rayon Mərkəzi Xəstəxanası əsaslı təmir olunaraq müasir tibbi avadanlıqla təchiz edilib, Pəlikəş kənd sahə xəstəxanası üçün yeni bina tikilib, Kijəbə qəsəbə, Pensər kənd sahə xəstəxanaları əsaslı təmir olunub, Şiyəkəran kənd həkim məntəqəsinin dam örtüyü dəyişdirilib.

Respublikanın klinikalarında çalışan yüksəkixtisaslı peşəkar həkim briqadaları Astara Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayona dəvət edilərək rayon mərkəzi xəstəxanasında vətəndaşların müayinə və müalicəsi təşkil olunur. Ötən ilin mart ayında Kardiologiya İnstitutunun direktoru, professor Adil Baxşəliyevin rəhbərliyi ilə ixtisaslı həkim briqadasının rayon mərkəzi xəstəxanasında keçirdiyi humanitar aksiya zamanı 700-dən çox sakin müayinə olunub və onlara müalicə kursları təyin edilib. Bu ilin may ayında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya İnstitutunun yüksəkixtisaslı həkim briqadası rayona dəvət edilib. “Səyyar qatar”da 700 vətəndaş müayinə edilib, 19 xəstə üzərində müxtəlif əməliyyatlar aparılıb, 30 xəstə Masallı rayonunda, 100-ə yaxın xəstə isə Bakı şəhərində əməliyyata cəlb olunub. Ötən il, həmçinin Bakı şəhərindən uşaq nevropatoloqu, uşaq kardioloqu, hematoloq, neyrocərrah ixtisası üzrə həkimlər mərkəzi xəstəxanaya dəvət edilib, 1000-dən çox rayon sakini tibbi müayinələrdən keçib. Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası vaxtaşırı ucqar dağ kəndlərinin sakinlərinə səyyar xidmət göstərir.

Xəstəxananın poliklinika şöbəsində 7200 nəfər müxtəlif xəstəliklərlə əlaqədar dispanser qeydiyyatındadır və onlar ilboyu pulsuz dərmanlarla təmin edilirlər.

Mərkəzi Xəstəxanada xroniki böyrək çatışmazlığı diaqnozu ilə 19 xəstə qeydiyyatdadır. Qeydiyyatda olan xəstələr vaxtaşırı hemodializ şöbəsində dializ olunurlar.

Ötən il rayonda 570 doğuş qeydə alınıb. Bu dövrdə rayonda ana ölümü olmayıb, uşaq ölümü 6 promille təşkil edib. Bu, Səhiyyə Nazirliyinin göstəricilərinə əsasən ən aşağı göstərici sayılır.

Rayonda “sünnət aksiyası”nın keçirilməsi ənənə şəklini alıb. Son üç ildə humanitar aksiya çərçivəsində 700-dən çox uşaq sünnət olunub.

Bütün bunlarla yanaşı, Astara rayonunun səhiyyə sistemində həllini gözləyən problemlər də var. Kənd sahə xəstəxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr çatışmazlığı bu problemlər sırasındadır.(AZƏRTAC-Bağır Əliyev)