Astara rayonu Hamuşam kənd sakini Ş.Əşrəfov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Maşxan kəndi ərazisində sahəlikdə olarkən əynindən çıxarıb yerə qoyduğu pencəyinin cibindən 612 manat pulun oğurlandığı barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildiriblər ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu rayonun Hamuşam kənd sakini, əvvəllər məhkum olunmuş İkram Mahmudovun törətdiyi müəyyən edilib. Keçirilən tədbirlər nəticəsində saxlanılan İ.Mahmudovun oğurladığı 612 manat pul götürülərək sahibinə qaytarılıb.

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbirləri nəticəsində şəhər sakini E. Babayevin yaşadığı evin həyətyanı sahəsindən ümumi çəkisi 3 kiloqram olan 7 çətənə bitkisi aşkarlanaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.(AZƏRTAC)