İctimai təhlükəsizlik bütün dövrlərdə xalqı, cəmiyyəti və dövləti maraqlandıran mühüm məsələlərdən biridir. Dünyada hər bir dövlət üçün inkişafla yanaşı, daxili sabitliyin təmin olunması, təhlükəsizliyin qorunması məsələləri də mühüm əhəmiyyət daşıyır.

Bu, müasir Azərbaycan dövlətçiliyini səciyyələndirən mühüm xüsusiyyətlərdən biridir. Müasir dövrün çağırış və təhdidləri ilə ayaqlaşan polis bu sabitliyin və təhlükəsizliyin məsuliyyətini dərk edir. Odur ki, qanunçuluğun qorunmasını və kriminal durumun nəzarətdə saxlanılmasını öz xidməti qarşısında dayanan birinci dərəcəli vəzifələr hesab edir.

Bu vəzifələrin öhdəsindən gəlmək isə bir tərəfdən asan olduğu qədər, digər tərəfdən çətindir. Asandır, ona görə ki, indi cinayətkarlığa qarşı mübarizədə həlledici rol oynayan texniki imkanlar sürətlə genişlənir, bu istiqamətdə cəmiyyətin polisə dəstəyi də güclənir. Çətindir, ona görə ki, cinayət və cinayətkarlıq meydanının ildən-ilə daralması, təhlükəli əməllərə meyilli olan insanları yeni və gizli yollar axtarışına məcbur edir. Bu da polisin qarşısında yeni tələblər qoyur.

Cəmiyyətin təhlükəsiz həyatda yaşamasını stimullaşdırmaq üçün polis nələrə hazır olmalıdır? Ötən ilin nəticələri, təhlil və ümumiləşdirmələr göstərir ki, qazanılan uğurlardan arxayınlaşmayan polis dövlətin qanuni mənafelərini cinayətkar qəsdlərdən qorunmasındа digər hüquq-mühafizə orqanları ilə birgə məqsədyönlü tədbirləri davam etdirib, kriminogen durumu bütövlükdə nəzarətdə saxlayıb. Respublikamız əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə ötən il də MDB və Avropa məkanında öncül mövqedə olub. Cari ilin altı ayında daxili işlər və prokurorluq orqanları üzrə 12 min 411 cinayət faktı qeydə alınıb. Bu cinayətlərin 88,5 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növləri təşkil edir. Qəsdən adam öldürməyə cəhd cinayətləri 12,2 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 4,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 8,1 faiz, xuliqanlıqlar 25,1 faiz, ictimai yerlərdə baş vermiş cinayətlər 35 faiz azalıb. Həmçinin cinayətlərin açılması yüksək olmaqla 83,1 faiz təşkil edir. Məhkəmədən, istintaqdan və təhqiqat orqanlarından yayınan 1852 təqsirləndirilən şəxs tutulub. Cari ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə ağır və xüsusilə ağır, şəxsiyyət əleyhinə olan, qəsdən adam öldürmələrin, adam öldürməyə cəhdlərin, dələduzluqların, soyğunçuluqların açılması xeyli yaxşılaşıb, keçmiş illərdən bağlı qalmış 163 cinayətin açılması təmin edilib.

Həqiqətən də cəmiyyət nə qədər ehtiramla yanaşsa da, ictimai qaydanın qorunmasında polisdən başqa heç kəsdən məsuliyyət tələb etmir. Bu məsuliyyət qanunla polisə həvalə olunub. Polisin fəaliyyət prinsipləri və istiqamətləri ilə bağlı “Polis haqqında” Qanunda vurğulanır ki, polis insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik və təkbaşçılıq prinsipləri əsasında fəaliyyət göstərir. Fəaliyyətinin əsas istiqamətlərinə isə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin və digər xətaların qarşısının alınması və açılması və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi daxildir. Deməli, ancaq polis bu prinsiplərdən irəli gələn hüquq, vəzifə və səlahiyyətləri hər kəsdən tələb etmək üçün məsuliyyət daşıyır.

Cəmiyyətin, ayrı-ayrı fərdlərin subyektiv zövqündən, yaxud münasibətindən asılı olmayaraq, ictimai şüurda kifayət qədər obyektiv olan “ictimai təhlükəsizlik” təsəvvürü var ki, cəmiyyət inkişaf etdikcə həmin təsəvvür daha mükəmməl, daha pozulmaz olur. Hər bir azərbaycanlının şüurunda da bu təsəvvür, anlayış o qədər qətiləşib ki, rastlaşdığı hər hansı qayda pozuntusu, hətta xırda bir məişət səs-küyü onu narahat etdikdə haqlı olaraq polisə müraciət edir. Təkcə bir faktı demək kifayətdir ki, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələr cari ilin birinci yarısında yüksək səviyyədə yerinə yetirilib. Belə ki, DİN rəhbərliyi tərəfindən 2749, o cümlədən respublikanın ayrı-ayrı şəhər və rayonlarında 680 vətəndaşın qəbulu həyata keçirilib, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əksəriyyəti müsbət həll olunub.(AZƏRTAC)