Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı Astara rayonunda əhalinin işlə təmin olunması sahəsində müxtəlif layihələr həyata keçirilir.

Rayon sakinləri işaxtaran vətəndaşların işlə təmin olunmasında əhəmiyyətli rol oynayan “Özünüməşğulluq Proqramı”nda da fəal iştirak edirlər.

“Özünüməşğulluq Proqramı” çərçivəsində bu il Astara rayonunda 96 nəfər təlimlərə cəlb olunub. Artıq onlardan 84 nəfər təlimləri başa vuraraq imtahandan keçib, 12 nəfəri isə istehsal xidməti üzrə təlimləri davam etdirir.

Astarada “Özünüməşğulluq Proqramı”ndan yararlananlardan biri, şəhərin Giləkəran yaşayış massivində yaşayan Firudin Nəsirovdur. Ona biznes ideyasına uyğun olaraq 3 baş mal-qara verilib.

Firudin Nəsirovun heyvandarlıqla məşğul olmaq üçün şəraiti olsa da, heyvan almaq üçün vəsaiti yox idi. Layihə sayəsində mal-qara əldə edən şəhər sakini onlara yaxşı qulluq göstərərək bir bala əldə edib. Üstəlik, hər gün inəklərdən 6-7 litr süd sağılır.

Əhalinin məşğulluğunun təmin edilməsi, maddi rifah halının yaxşılaşdırılmasından razılığını bildirən F.Nəsirov qurduğu biznesi genişləndirməyi düşünür: “Mənə iki heyvan veriblər, bir inək balası ilə birlikdə. Sağ olsunlar. Heyvanlardan biri erkək olduğuna görə ona yaxşı qulluq elədim, kəsib, yerinə bir düyə aldım. Fikrim var ki, bir dənə də düyə alam. Mənə verilən inəyin südündən, qatığından yeyirik, yerdə qalanını isə satırıq. Gələcəkdə ailə biznesimi genişləndirmək fikrindəyəm”.

Layihədən yararlanan sakinlərdən digəri şəhər sakini Zoya Mirzəyevadır. Onun sözlərinə görə, ötən il həyata keçirilən biznes ideyasının təlimlərində iştirak edib. Z.Mirzəyeva təlimləri uğurla başa vurub və bərbər işi ilə məşğuldur. Dövlət tərəfindən ona göstərilən qayğıdan səmərəli istifadə edərək öz çörək pulunu qazanır.

Bərbər Zoya Mirzəyeva razılığını belə ifadə edib: “Eşitdim ki, “Özünüməşğulluq layihəsi” var. Rayon Məşğulluq Mərkəzinə müraciət etdim. Onlar da mənə köməklik göstərdilər. Təlimlərdə iştirak elədim. Mənə bu avadanlıqları verdilər – güzgü, şkaf, kreslo, dırnaq manikür stolu, suqızdırıcı, kondisioner, manikür üçün işıqaparatı, dezinfeksiya aparatı. Bunların sayəsində müştərilərim artdı. Biznesimi qurdum. Xidmət sahəmi daha da genişləndirəcəyəm, əlavə işçilər götürəcəyəm”.

Proqram sayəsində məşğulluğu təmin olunan rayon sakinlərindən biri də Şəhriyar Qasımzadədir. O, əldə etdiyi aktivlərlə fəaliyyətini genişləndirib. Həm müştəriləri artıb, həm də gəlirləri çoxalıb.

Bərbər Şəhriyar Qasımzadə deyib: “Beş ildir bərbərlik sənəti ilə məşğul oluram. Sadəcə, lazımi avadanlıqlar yox idi. “Özünüməşğulluq layihəsi” barədə eşitdim. Məşğulluq Mərkəzinə müraciət etdim. Təlimlərdə iştirak etdim. Mənə lazım olan avadanlıqları verdilər. Ondan sonra mən işimi daha geniş qura bildim. Müştərilərim və gəlirlərim artdı. Sağ olsun dövlətimiz belə bir layihə həyata keçirir. Biz gənclər də bundan yararlanırıq”.(AZƏRTAC-Bağır Əliyev)