Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə Astara şəhərinin Həzi Aslanov küçəsində inşa edilən 48 mənzilli, dördmərtəbəli yeni yaşayış binasının tikintisində son tamamlama işləri görülür.
Ötən əsrin 50-ci illərində Astara şəhərindəki balıq zavodunda işləyən fəhlə və qulluqçular üçün tikilmiş yaşayış evləri istismar müddətini başa vurduğuna görə həmin binalar sökülərək yerində müasir, çoxmənzilli, yeni yaşayış binası tikilir. Bu məqsədlə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
Çoxmənzilli yaşayış binasının tikintisinə bu ilin fevral ayında başlanılıb. Binada mənzillərin 12-si üç, 24-ü iki və 12-si bir otaqlıdır. Tikintidə əksəriyyəti yerli sakinlər olmaqla 50-dən çox işçi çalışır.
Artıq yaşayış binasında hörgü işləri başa çatıb, dam örtüyü vurulub, su, işıq, kanalizasiya və istilik xətləri çəkilib. Hazırda inşaatçılar bina daxilində suvaq işlərini aparırlar. Yeni binanın dekabr ayında istifadəyə verilməsi nəzərdə tutulub.
İş icraçısı Arif Səmədovun verdiyi məlumata əsasən, bu il, həmçinin yeni binanın arxa hissəsində 36 mənzilli, dördmərtəbəli yaşayış evinin tikintisinə başlanması da nəzərdə tutulub. Binaların arasında sakinlər üçün istirahət guşələri, avtonəqliyyat vasitələri üçün dayanacaq da inşa ediləcək.(AZƏRTAC-Bağır Əliyev)