Sentyabrın 6-də Astara, Lənkəran və Lerik təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.

Astara rayon Mədəniyyət Mərkəzində keçirilən müşavirədə Astara, Lənkəran və Lerik rayonlarının təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər iştirak ediblər.

Müşavirədə hər üç rayonun 2018-2019-cu tədris ilinə dair hesabat məruzəsi təqdim edilib.

Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov çıxış edərək hesabatlara münasibətini bildirib. O, buraxılış və qəbul imtahanlarının nəticələri, təhsil sahəsində tətbiq olunan yeniliklərin təhsil ictimaiyyətinə çatdırılması kimi məsələlərə toxunub.

A.Əhmədov ümumtəhsil məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı məsələləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.

2019-2020-ci tədris ilinin əsas prioritetlərindən söz açan A.Əhmədov təhsil işçilərinə yeni dərs ili ilə bağlı tövsiyələrini verib və uğurlar arzulayıb. Konfrans müzakirələrlə davam etdirilib.

Astarainfo.az