Özəl ali təhsil müəssisələri arasında yüksək hazırlıqlı abituriyentlər Xəzər Universitetinə üstünlük verirlər. Cari ildə bu universitetin ixtisaslarına qəbul olan abituriyentlərin orta bal göstəriciləri I qrup üzrə 513.304, II qrup üzrə 369.102, III qrup üzrə 347.893 və IV qrup üzrə 397.284 bal olub.

Bu, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı DİM-in elmi-statistik hesabatında yer alıb.

Hesabatda bildirilir ki, Xəzər Universiteti istisna olmaqla, digər özəl ali təhsil müəssisələrinə və regionlarda fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin orta bal göstəriciləri aşağı olub. I ixtisas qrupu üzrə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Odlar Yurdu Universiteti, Naxçıvan Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Texnologiya Universiteti, Qərbi Kaspi Universiteti və Azərbaycan Kooperasiya Universiteti, II ixtisas qrupu üzrə Naxçıvan Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Universiteti, Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Kooperasiya Universiteti və Bakı Avrasiya Universiteti, III ixtisas qrupu üzrə Bakı Xoreoqrafiya Akademiyası, IV ixtisas qrupu üzrə Azərbaycan Kooperasiya Universitetinə qəbul olunan abituriyentlərin orta bal göstəriciləri 250-dən aşağı olub.(Mektebgushesi.az )