Fəzadan çəkilən maraqlı görüntülər

“Qurani Kərim”in 18-ci “Əl-Kəhf” surəsində məlumat verilən Əshabi-Kəhf mağarası özünün sirli xüsusiyyətləri ilə müasir dövrdə də insanları təəccübləndirir. Belə ki, əgər ziyarətgahın olduğu ərazinin fəzadan çəkilən şəkillərinə baxılarsa, onda burada çox maraqlı görüntülərin mövcud olduğunu görmək mümkündür. Sanki bununla müasir dövrün insanlarına ilahi bir mesaj çatdırılır.

Astarainfo.az xəbər verir ki, AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşına bu barədə danışan tədqiqatçı-jurnalist Zaleh Novruzov deyib ki, beynəlxalq axtarış sistemi olan “Google”nin “Google maps” xəritəsində Əshabi-Kəhfin fəzadan görünüşü diqqəti cəlb edir. Belə ki, hamar dağların fonunda Əshabi-Kəhfin ərazisində fərqli landşaft və relyeflərin olduğu açıq görünür. Kilometrlərlə sahədə sanki hansısa bir “yazıya” oxşayan xətlər canlanır. Düzdür, bu “yazını” Əshabi-Kəhf mağarasını ziyarət edənlər görə bilmir. Çünki yalnız fəzadan görünür. Həmin “yazını” qaranlıq (kölgə) dərələr, şaxələnən kanyonlar tamamlayır. Bəzilərinə görə yaranan görüntüdə ərəb hərfləri ilə Allahın adını “oxumaq” mümkündür. Onlar bunu həm də belə izah edirlər ki, bu, həqiqətən də ərazinin müqəddəs ziyarətgah olduğuna işarə olmaqla yanaşı, Nuh Peyğəmbərin Naxçıvana gəlməsindən və burada yaşadığı dövrdən təkallahlığın məkanı kimi tanınan qədim diyarın müqəddəsliyinə də bir işarədir.

Mağarada insan bədəninə oxşar izlər

Zaleh Novruzov qeyd edib ki, əhali arasında “Yeddi kimsənə” adlandırılan qayaaltı sığınacaqda daşda insan bədəninə oxşayan izlər görünür. Üçüncüdən sonra həmin izlərin sayını dəqiqləşdirmək mümkün deyil. Bəlkə də buna görə Əshabi-Kəhfdə neçə nəfərin qeyb olduğu bəzən mübahisə doğurur. Müqəddəs kitabımızın “Əl-Kəhf” surəsinin 22-ci ayəsində isə deyilir: “Tezliklə deyəcəklər: “Onlar üç nəfərdirlər, dördüncüsü itdir”. Və deyəcəklər: “Yeddi nəfərdirlər və səkkizincisi itdir”. De: “Mənim Rəbbim onların sayını daha yaxşı bilir”.

Qeyb dövrü – İsa Peyğəmbər və Əshabi-Kəhf sakinləri

Jurnalist-tədqiqatçı orta əsr mənbələrindən əldə etdiyi bəzi məlumatları da bölüşüb. Onun sözlərinə görə, Atabəylər dövlətinin saray şairi Əbu Bəkir ibn Xosrov əl-Ustadi “Munisnamə” əsərində yazır ki, Təmleyxa və onun ətrafındakılar Dağyunusun hökmranlıq etdiyi ərazidə 309 il olublar. Rəvayətə görə, Dağyunusun ölümündən 20 il sonra Zəkəriyyə Peyğəmbər zühur edir. İsa Peyğəmbərin dövründə isə möcüzəli hadisələr baş verir, 309 ildən sonra mağarada yatanlar oyanırlar. Əsərdə Dağyunusun zülmündən qaçan 6 nəfər və onların ardınca gedən bir çobanın “Qıtmır” adlı itindən də bəhs olunur. “Naxçıvan tarixi” kitabında isə göstərilir ki, eradan əvvəl I əsrdə və bizim eranın II əsrlərində Naxçıvan Atropatena, Parfiya və Romanın döyüş meydanına çevrilib. Göründüyü kimi, rəvayətdə qeyd olunanlar tarixi faktlarla üst-üstə düşür.

Ziyarətgahın min illərə söykənən tarixi tikililəri

“Yeddi kimsənə”dən sonra mağara sola və sağa şaxələnir. Sol tərəfə kanyon davam etsə də, bura getmək mümkün deyil. Amma oradakı qayaaltı sığınacaqda köhnə tikili qalıqları mövcuddur. Tikililərdən birinin uzunluğu 2 metr, hündürlüyü 0,5 metrə yaxındır. İnşaat işlərində xüsusi narın qumlu gildən istifadə edilib. Gil sarımtıl rəngdədir. İkinci tikili qalığı ondan bir qədər aşağıdadır, uzunluğu 1,5 metr, hündürlüyü isə 0,4-0,5 metrdir. Nisbətən ağ rəngli, narın qumlu gillə hörülüb. Tikintidən nümunələr analiz edilib və eramızın III əsrinə aid olduğu qənaətinə gəlinib. Bəlkə də həmin tikililər o zamanlar ziyarətgaha gələnlər üçün inşa edilmiş yerlər olub və başqa məqsədlər üçün nəzərdə tutulub. İstənilən halda bütün bunlar Əshabi-Kəhf ziyarətgahının qədim tarixindən soraq verir.