Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı “Müharibə və ya münaqişə ilə bağlı yaranmış ekstremal vəziyyətlərdə jurnalist fəaliyyətinin xarakteri” mövzusunda plenar iclasla işini davam etdirib.
Astarainfo.az-ın Trend-ə istinadən məlumatına görə, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov mövzu ətrafında fikirlərini bölüşüb.
O qeyd edib ki, münaqişə zonalarında jurnalistlərin fəaliyyəti olduqca yüksək qiymətləndirilməlidir:
“Həmin jurnalistlər müntəzəm olaraq peşəkar təlimlərə cəlb olunmalı, münaqişə zonasında qarşılaşa biləcək vəziyyətlərə əvvəlcədən hazırlıqlı olmalıdırlar. Eyni zamanda, bu çətin şəraitə baxmayaraq dəqiq və obyektiv informasiyaların ötürülməsinin təmin edilməsi əsas şərtlərdən biri kimi qiymətləndirilir”.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu mövzu ətrafında fikirlərini bölüşüb. Bildirib ki, YUNESKO-nun məlumatına görə, 1993-cü ildən indiyədək 1354 jurnalist qətlə yetirilib: “Təkcə 2018-ci ildə dünyada 80 jurnalist peşə fəaliyyətinə görə öldürülüb. 2018-ci ildə jurnalistlər üçün ən təhlükəli ölkələr kimi qeydə alınan Əfqanıstan, Suriya, Hindistan, Meksika və Yəmən oldu. Bu gün vəziyyətin heç də yaxşılaşmadığını deyə bilərik. 2019-cu ildə təxminən 35 jurnalist həlak olub”.
Hindistan Mətbuat Şurasının üzvü Çhakanda Nayak, “Sərhədsiz sərhədlər” təşkilatının prezidenti Kais Cumaa Abdul Rahem və “Azəri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanov çıxışlarında bildiriblər ki, jurnalistlərin peşə vəzifələri üçün yaranmış təhlükə, onların həbsi və öldürülməsi dünya mediasının ən ağrılı tərəfidir. Digər tərəfdən, müasir qloballaşan dünyada, sosial media və rəqəmsal jurnalistika öz müsbət xüsusiyyətləri ilə yanaşı, yeni təhlükəli təmayüllərin, qarşıdurmaların vüsət almasına şərait yaradıb. Bu, jurnalistlərə qarşı yeni təhlükə mənbələrinin yaranması, təhdid və qətllərin motivinin dəyişməsi ilə müşayiət olunur.
Qeyd edilib ki, münaqişələr haqqında obyektiv məlumatların yayılması prosesini dəstəkləmək üçün vahid platforma yaratmağın böyük əhəmiyyəti var. Obyektiv və qərəzsiz informasiyanın birgə dəstəklənməsi münaqişələrin həlli, təhlükəli tendensiyaların qarşısının alınması, insan hüquq və azadlıqlarının qorunması baxımından unkial bir imkandır.
Tədbir müzakirələrlə davam edib.