Ağac əkmək, ətraf mühiti yaşıllaşdırmaq gözəl təşəbbüsdür. Yaşıllıqların qorunması, yeni ağacların əkilməsi hər kəsin marağında olmalıdır.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranlar Təşkilatının Astara rayon şöbəsinin sədri Rafiq Əliyev deyib.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə 650 min ədəd ağac əkilməsi ilə bağlı təşəbbüsünü bu sahədə növbəti nəcib addım kimi dəyərləndirən R.Əliyev ölkəmizin bütün bölgələrində olduğu kimi, Astara rayonunda da vaxtaşırı olaraq agacəkmə aksiyalarının keçirildiyini diqqətə çatdırıb.

O deyib: “Astara ölkəmizin dilbər guşələrindən biridir. Təbiət bu yerlərdən səxavətini əsirgəməyib, bərəkət boxçasını bütünlüklə onun üzünə açıb. Hirkan Milli Parkının ərazisində olan meşə sahələrinin əksəriyyəti Astaranın payına düşür. Ağac əkmək savab işdir, onu qorumaq və ona qulluq göstərmək isə ondan da savabdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə 650 min ədəd ağac əkilməsi ilə bağlı təşəbbüsü astaralılar tərəfindən böyük razılıqla qarşılanıb. Rayon sakinləri bu aksiyaya qoşulmaqla ekoloji mühitin qorunmasına öz töhfələrini verəcəklər”.