Astarada həsirçilik sənəti yaşadılır
Həsir toxuma Azərbaycanda hələ minilliklər əvvəl təşəkkül tapmış xalq sənəti növüdür. Hazırda həsir əsasən Azərbaycanın cənub bölgəsinin Masallı, Lənkəran və Astara rayonlarında toxunulur.
Bu işlə məşğul olan Astaranın Kakalos kəndinin sakinləri yaz-yay aylarında qamış toplayırlar. Bir həsir naxışından, çeşnisindən, uzunluq və enindən asılı olaraq 3-5 günə ərsəyə gəlir.
Kəndin tanınmış sakinlərindən olan, “Tərəqqi” medallı, fəxri mədəniyyət işçisi Fərbiyə Şabanova AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyir: “Cənub bölgəsinin iqlimi rütubətlidir. Həsir isə ta qədimdən rütubətdən qorunmaq üçün ən yaxşı vasitələrdən biri olub. Döşəməyə həsir sərilən evdə rütubət olmaz. Üstəlik, dədə-babalarımız həsirdən sərinkeş, soyuducu kimi, çəltik qurutmaq üçün də istifadə ediblər”.
F.Şabanova qeyd edir ki, kənd sakini Minarə Əliyevanın toxuduğu həsirlər 1987-ci ildə Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində nümayiş etdirilib və o, sərginin diplomuna layiq görülüb.
Bu gün həsirçilik sənəti Kakalos kəndində davam etdirilir. Kənd mədəniyyət evi nəzdində yaradılmış “Xalq tətbiqi sənəti klubu”nda bu qədim sənətin sirləri gənclərə də öyrədilir.
Klubun rəhbəri Rüfət Rzayev bildirir ki, hazırda klubun 20 üzvü həsirçilik sənətinin sirlərinə yiyələnir: “Həsir toxunan zaman həndəsi fiqurlardan daha çox istifadə edirik. Qamışdan təkcə həsir deyil, eyni zamanda, müxtəlif növ zənbillər, tərəzilər, çantalar, papaqlar və digər əşyalar toxuyuruq”.
Bu gün Astara bazarında ustalar tərəfindən toxunulan həsirlər ölçüsündən asılı olaraq 10-20 manata satılır. Qamışdan hazırlanan zənbil, tərəzi, çanta, papaq kimi məhsullar isə alıcılara 2-6 manata təklif olunur.