“Mən gələcəkdə adlı-sanlı idmançı olacağam ki, şərəfimə üçrəngli bayrağımız dalğalansın”. Balaca Ramir hələ həyatı tam dərk etməsə də Azərbaycan dövlətin rəmzi – bayrağımıza olan məhəbbəti sonsuzdur.
Bəli, Azərbaycanın dövlət bayrağı hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, dəyanət rəmzidir. Bu gün bayrağımız canımızla, qanımızla aldığımız torpaqlarda dalğalanmaqla fitnəkar düşmənə meydan oxuyur. Gənclərimiz hərbi xidmətə yola düşərkən bayrağımıza and içir, öpüb-əzizləyirlər.
Heç də təsadüfi deyil ki, Bakıda, Xəzərin sahilində Dövlət Bayraq Meydanı yaradılmışdır. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin müqəddəs bayrağımıza olan ehtiramın, məhəbbətin yüksək təzahürüdür. Eni 35 uzunluğu 70 metr olan Azərbaycan Bayrağı 162 metr dayağın üstündə dalğalandıqca mənliyimiz, kimliyimizlə yanaşı Azərbaycan dövlətinin qüdrətini parlaqcasına bəyan edir. Cənab Prezidentin dediyi kimi “ Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Bizim bayrağımız qürur mənbəyimizdir, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq ”
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı” qəbul olunduqdan sonra Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini bərpa etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının “Dövlət Bayrağını gününün təsis edilməsi haqqında” Sərəncam imzalamışdır. Həmin tarixdən noyabrın 9-u Dövlət Bayrağı günü kimi bayram edilir.
Bu gün Azərbaycan bayrağının 10 yaşı tamam olur.
Hər bir Azərbaycan vətəndaşını Dövlət Bayrağı Günü münasibətilə təbrik edir, tezliklə bu müqəddəs bayrağımızın azad olunacaq torpaqlarımızda dalğalanmasını arzulayırıq.
Əminik ki, müstəqil Azərbaycanın parlaq inkişafından ötrü əzmlə çalışan,işğal altında olan torpaqlarımızın azad edilməsindən ötrü qətiyyətlə mübarizə aparan dövlət başçımızın güclü iradəsi ilə Odlar Yurdu- Azərbaycan bu şanlı şərəfə nail olacaq!
Gülnar Əsədli