Cənub bölgəsinin kənd məktəbləri arasında ilk dəfə olaraq “Voltran”Robototexnika sərgisi 17 noyabrda Astara rayonu Ə.Əliyev adına Qapıçıməhəllə kənd ümumi orta məktəbində keçirilib. Sərgini məktəbin direktoru Elnur Quliyev açıq elan edib. Layihə rəhbəri Həbib Əlizadə layihə haqqında geniş məlumat verərək layihənin əsas məqsədinin rayon şagirdləri arasında robototexnika sahəsi üzrə bilik və bacarıqlar formalaşdırmaq və onlara dünya trendlərini çatdırmaq olduğunu bildirib. Sonra qonaqlara söz verilib. Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova və Rayon Təhsil Şöbə müdiri Rəşad Həsənov çıxış edərək rayonda həyata keçirilən bu layihənin vacibliyindən danışıblar və iştirakçılara uğurlar arzulayıblar.

İştirakçı şagirdlərdən Elnur Məmmədovun valideyni çıxış edərək övladının vaxtilə ancaq kağız kartonlardan çox məhdud imkanlarla əşyalar, fiqurlar düzəltdiyini deyib və artıq övladının leqolarla işləməsini görməsini onun üçün sanki bir yuxu kimi inanılmaz olmasını bildirib və sevincini bölüşüb.

Çıxışlardan sonra iştirakçı şagird Oruc Əsədov bütün qonaqlara məlumatlandırıcı broşuralar paylayaraq onları məlumatlandırıb. Sonra şagirdlər öz təqdimatlarına başladılar.
“AREA”-nın kouçu, “Voltran” layihəsinin baş təlimçisi Emin Bayramovun rəhbərliyi ilə şagirdlər robototexnika – lego yarışmaları keçirtdilər. Ardınca isə dron uçurtdular, 3D qələm işləri və elektronika üzrə təqdimatlarıetdilər.Hətta qonaqlara 3D qələm vasitəsilə onların adlarını yazıb hədiyyə də etdilər.

Sərgidə həmçinin “Astara” qəzetinin baş redaktoru, digər rəsmi şəxslər, məktəb direktorları, valideynlər, şagirdlər və ictimaiyyət nümayəndələri də iştirak edib. Sərgi ilə kənd əhalisi də yaxından tanış olublar.

Məlumat üçün bildirək ki, “Voltran Robototexnika üzrə yay məktəbi” layihəsi Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü Qrant müsabiqəsinin qalibi olmuş layihələrdəndir.Layihənin icrasına 21 avqustdan başlanıb və ümumilikdə layihəyə 6 məktəbdən 20 şagird seçilib. Layihədə iştirakçı seçilən şagirdlər Astara şəhər 1, 2, 3 nömrəli tam orta, Qapıçıməhəllə ümumi orta, Kijəbə qəsəbə tam və Lovayın kənd tam orta məktəblərinin şagirdləridir. Onların yaş aralığı 9-15 arasıdır Layihə 21 noyabrda başa çatacaq.

Astarainfo.az