Aqrar sahənin inkişafında əsas istiqamətlərdən biri çayçılığın artan tələblər səviyyəsinə çatdırılmasıdır. Çayçılıq Azərbaycan kənd təsərrüfatının ənənəvi və gəlirli sahələrindəndir. Bu baxımdan mülayim-subtropik iqlim qurşağında yerləşən rayonumuz üçün ənənəvi olan çayçılıq sahəsinin inkişaf etdirilməsi prioritet məsələ kimi qarşıya qoyulmuşdur.

Çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə“Azərbaycan Respublikasında 2018-2027-ci illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı” qəbul edilmişdir. Proqramın həyata keçirilməsi nəticəsində rayonumuzda çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətlənmiş, çay plantasiya-

larının əkin sahəsi artıırılmışdır. Görülən işlərin nəticəsidir ki, rayonumuz çayın əkin sahəsinə, ümumi məhsul yığımına və hər hektarın məhsuldarlığına görə Respublika və region rayonlarından irəlidədir.

Belə ki, Respublikada mövcud çay plantasiyalarının təxminən 31 faizi , çay istehsalının isə 61 faizi Astara rayonunun payına düşür.

Hazırda rayonda 345 hektar çay sahəsi vardır və bu sahələrdən 2019-cui ildə 565,2 ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 6,6 faiz çox məhsul yığılmışdır. Məhsuldarlıq isə 1,8 sentner artaraq 30,2 sentner olmuşdur.

Rayonda çayçılıqla 5 kənd təsərrüfatı müəssisəsi məşğuldur və 2019-cu ildə həmin müəssisələr tərəfindən 241,6 ton, əhali təsərrüfatları tərəfindən isə 323,6 ton yaşıl çay yarpağı istehsal edilərək təhvil verilmişdir.

Rayonda 3 çay fabriki fəaliyyət göstərir.

Çay strateji əhmiyyətli, gündəlik istifadə edilən bitkidir. İnsanların tələbatı üçün vacib olan bitki kimi onun inkişafı da vacibdir. Çayçılığa diqqət günbəgün çoxalır, fermerlər və əhali bu gəlirli sahəyə sərmayə qoymaqdan çəkinmirlər.

Mövcud çay sahələrinin birinci növbədə qorunması, ona aqrotexniki xidmətlərin göstərilməsi hər birimizin vətəndaşlıq borcu olmalıdır.

Gələcəkdə çayçılığın daha geniş vüsət alması məqsədilə əhaliyə pay torpağı kimi verilmiş yararlı torpaqların könüllü birləşdirilməsi və bu birliklərin stimullaşdırılması üçün onlara müvafiq subsidiyaların ayrılması, torpaq sahiblərinin öhdəliklərinin hüquqi əsaslarının tənzimlənməsi məqsədəuyqun olardı. Bu əhəmiyyətli addımın atılması qarşıda duran məsələnin həllini tapmasında, çayçılığın iqtisadiyyatın gəlirli sahələrindən birinə çevrilməsində imkanlarımızı artıracaq.