2019-cu il noyabrın 1-i vəziyyətinə rayon iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 8803 nəfər olmuş, onlardan 6361 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 2442 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 39,5 faizi təhsil, 22,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 11,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,6 faizi sənaye, 5,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,8 faizi tikinti, 2,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,6 faizi peşə, elmi və texniki fəaliyyət, 0,2 faizi maliyyə və sığorta fəaliyyəti, 7,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2019-cu ilin yanvar-oktyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 20,3 faiz artaraq 352,9 manat təşkil etmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabr ayının 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəlməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində 2019-cu ilin oktyabr ayında rayon üzrə orta aylıq nominal əməkhaqqı 429,5 manata çatmışdır ki, bu da ötən ilin oktyabr ayı ilə müqayisədə 43,9 faiz, cari ilin avqust ayı ilə müqayisədə isə 32,3 faiz çoxdur.