Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Səlahiyyətli dövlət orqanları və vəzifəli şəxslər məhkəmə qərarlarının yerinə yetirilməsinə maneçilik törətməməli, həmin qərarları icra etməlidirlər. Azərbaycan Respublikası adından çıxarılan və ədalət mühakiməsinin yekun aktı olan məhkəmə qətnaməsinin hüquqi, nəzəri, təcrübi cəhətdən düzgün tərtib edilməsi və onun hüquqi qüvvəsinin vaxtında alınmasına, habelə onun icrasına nəzarət vətəndaşların məhkəmə orqanlarına olan inamını artırır, onların hüquqi vasitələrlə tərbiyə olunmasına xidmət edir. Lakin bununla yanaşı, bəzən prosessual hüquq normalarının pozulmasına da təsadüf olunur.

Son zamanlar məhkəmə təcrübəsində mübahisələndirilən hüquq normalarının tətbiqi ilə əlaqədar olaraq məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi müddəti və qaydası aktual mövzuya çevrilmişdir.

         Azərbaycanda məhkəmə və digər inzibati orqanların qərarlarının məcburi icrası Ədliyyə Nazirliyinin tabeliyində olan icra qurumlarının icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

         “İcra haqqında” Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir.

         Borclunu müəyyən hərəkətləri etməyə (məsələn, pul ödənişi etməyə) və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə (məsələn, qanunsuz müdaxiləni aradan qaldırmağa) məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün 10 günədək müddət təyin edir. Bununla bağlı borcluya göndərilmiş bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Müəyyən olunmuş on günlük müddət ərzində borclu tərəfindən məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş – borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir.
         Borclunun əmlak vəziyyəti, maddi durumu və digər hallar icra məmuru tərəfindən məcburi icra tədbirləri vasitəsilə də icra sənədinin icrasını mümkün etmədikdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə işdə iştirak edən şəxslər tərəfindən ərizənin verilməsi istisna edilməməlidir (“İcra haqqında” Qanunun 15-ci maddəsi).    

         Qanunvericilik “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir.

  Belə ki, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilə bilərlər.

Həmin müddəaları davam etdirən “İcra haqqında” Qanunun 82.3-cü maddəsinə uyğun olaraq icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir.

Cinayət qanununda isə məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə ilə bağlı daha sərt cəzalar nəzərdə tutulub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət məsuliyyətinə səbəb olur. Belə ki, bu cür əməllərə yol verən şəxslər iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

          Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə qeyd olunan məcəllənin 306.2-ci maddəsinə əsasən üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər.

Həmin məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. 

         Göstərilən maddələrin məzmunundan göründüyü kimi, məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması mümkündür. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minməsi ilə təkzibedilməzlik və müstəsnalıq kimi hüquqi xassəyə malik olur.

Onu da qeyd etmək lazımdır ki, müasir vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş sosial, siyasi islahatların davamlı şəkildə həyata keçirilməsi, həmçinin qanunvericilik bazasının günbəgün daha da təkmilləşdirilməsi, ictimai-siyasi sabitliyin təmin edilməsi və digər çoxsaylı nailiyyətlər müasir Azərbaycan dövlətinin reallığıdır. Əlbəttə, bu inkişafın əsasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən uğurlu daxili və xarici siyasət dayanır.

Dinar Bədəlov

Ədliyyəİdarəsinin müstəntiqi,

I dərəcəli ədliyyə qulluqçusu