Rayonun Qapıçıməhəllə kənd ümumi orta, Lomin və Düriyyə kənd ibtidai məktəblər üçün inşa edilən yeni məktəb binalarının açılışı ilə uzun illər yeni məktəbin arzusunda olan kənd sakinləri nəhayət ki, bu sevinci yaşayıblar. Bu kəndlərdə keçirilən səyyar qəbul və görüşlərdə sakinlər məktəb binasının tikintisinə ehtiyac olması barədə təkliflərini və arzularını icra başçısına çatdırdıqdan sonra İcra başçısı bu məsələyə xüsusi diqqət ayırmışdır.Belə ki, rayon rəhbərliyinin təşəbbüsü və yaxından köməkliyi ilə bu il Qapıçıməhəllə kəndində 96, Lomin və Düriyyə kəndlərində 56 şagird yerlik modul tipli yeni məktəb binaları tikilib istifadəyə verilib.

Qapıçıməhəllə kənd ümumi orta məktəb binasının açılışında rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək sakinləri bu əlamətdar gün münasibəti ilə təbrik edib. Bildirib ki, böyük inkişaf yolunda olan müstəqil dövlətimizdə bütün sahələrə olduğu kimi təhsilə də xüsusi diqqət yetirilir. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yaxşılaşdırılması mühüm məsələ kimi həmişə dövlətin diqqət mərkəzindədir. Son illər  Astara rayonunda qırxdan çox yeni məktəb binası tikilmiş və əsaslı təmir olunmuşdur. Elə bu nümayəndəliyin ərazisində Suparibağ, Rüdəkınar kəndlərində tikilən məktəblərdən sonra artıq üçüncü məktəb istifadəyə verilir. Bu tədris ilində rayonda beşinci yeni məktəbdir ki, istifadəyə verilir. Gələn ay Burzubənd kənd tam orta məktəbi üçün inşa edilən 360 şagird yerlik məktəb binası da müəllim və şagird kollektivinin istifadəsinə veriləcəkdir. Bütün bunlar rayonda təhsilin keyfiyyətinin artırılması üçün əlverişli zəmin yaradır.   

Müstəqil dövlətimizdə məktəb tikintisi ilə yanaşı həyata keçirilən digər genişmiqyaslı tikinti-quruculuq, yeni infrastruktur layihələrin  sürətlə davam etdirilməsi ulu öndər Heydər Əliyevin ideyalarını  uğurla davam etdirən  ölkə Prezidenti möhtərəm  cənab İlham Əliyevin müdrik siyasətinin parlaq sübutudur. Tam əminliklə deyirəm ki, bu cür sosial layihələr bundan sonra da davam edəcəkdir. Rayonumuzda bir dənə də olsun köhnə məktəb binası qalmayacaq.

Yeni məktəblərin istifadəyə verilməsi tədbirlərində çıxış edən valideyn, müəllim və şagirdlər də son  illər rayonda aparılan geniş abadlıq və quruculuq, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən genişmiqyaslı işlərə görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını  bildiriblər.

İcra başçısı Qapıçıməhəllə kənd ümumi orta məktəbin yeni binasının açılışını bildirən rəmzi lenti kəsmiş, sinif otaqlarına baxıb, tədrisin vəziyyəti ilə maraqlanıb.

Sonra İcra başçısına 18 dekabr 2019-cu il tarixdə Bakı şəhərində Azərbaycan Britaniya Kollecinin təşkil etdiyi STEAM üzrə 5-ci sərgidə “Voltran” robototexnika üzrə yay məktəbinin iştirakçısı olan rayonumuzun məktəbliləri Elnur Məmmədov və Salih Atakişizadənin qızıl, Sadiq Məmmədov və Saleh Məmmədovun isə gümüş medal qazandıqları, sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırıldıqları barədə məlumat verilib. Elnur Məmmədovun “Panqolin” robotu ideyasına görə “ideya çempionu” adına layiq görüldüyü qeyd olunub.

İcra başçısı qaliblərin əl işləri ilə tanış olub, layihədə ən yüksək mükafata layiq görüldüklərinə görə onları təbrik edib, uğurlarının davamlı olmasını arzulayıb və onlarla xatirə şəkli çəkib.