23 dekabr bələdiyyə seçkiləri günündə Astara rayonunda fəallıq, mütəşəkkillik hiss olunur. Bələdiyyə seçkilərini intizarla gözləyən astralılar rayonda fəaliyyət göstərən 69 seçki məntəqəsinə getməklə növbəti beş il üçün onlara daha yüksək xidmət edə bilən, problemlərinin həllinə köməklik göstərən, qaldırılan məsələlərə obyektiv yanaşan namizədlərə səs verərək münasibətlərini bildirmək istəyirlər.
Astara şəhər 1 saylı seçki məntəqəsində səs verən şəhər sakini Həliməxatun Qurbanova müsahibəsində qeyd edir ki, seçki məntəqələrinə səs vermək üçün gələnlər başa düşürlər ki, seçimlərini yerli əhəmiyyətli məsələlərin həllində aktivlik göstərən, ictimaiyyətdə nüfuzu olan şəxsləri seçməklə aparmalıdırlar. Ona görə də məntəqəyə gələnlər tələsmədən, yaradılan yüksək şəraitdən istifadə edərək öz istəklərinə uyğun namizədlərə səs verirlər. Seçicilərin fəallığını həm də ölkədə və rayonumuzda son illərdə baş verən əsaslı dəyişikliklər, aparılan tikinti və quruculuq işləri, sosial problemlərin həlli məqsədilə həyata keçirilən proqramlar və əhalinin həyat şəraitinin ilbəil yaxşılaşması istiqamətində görülən dövlət tədbirləri ilə izah etmək olar.
Təkcə şəhərdə deyil, ucqar kəndlərdəki seçki məntəqələrində də vətəndaşlar onlar üçün yaradılan şəraitdən və seçkinin gedişindən razılıq edirlər.
İlk dəfə səs verən Hacızadə Rəvan Mərasim oğlu seçkilərdə iştirakının sevincini bölüşərək qeyd etdi ki, hər birimiz üçün önəmli olan, kəndimizin inkişafında, yerli əhəmiyyətli məsələlərin həllində əsas qurumlardan biri olaraq fəaliyyət göstərən bələdiyyə seçkilərində iştirak etməkdən, belə azad, demokratik bir ölkədə yaşamağımdan böyük məmnunluq hissi keçirirəm. Səs verdiyim 13 saylı seçki məntəqəsində bütün səsvermə prosesi seçki qanunlarına uyğun qurulmuşdur. Hər bir seçici üçün öz seçimini etməyə yüksək şərait yaradılmışdır.
Astara şəhər 1 saylı seçki məntəqəsində səs verən 74 yaşlı Astara şəhər sakini Qəhrəman Şəfiyevdən səsvermənin gedişini öyrəndik. O, məntəqədə seçkilərin azad, demokratik, beynəlxalq standartlara uyğun şəkildə keçirildiyini bildirdi:-“Bu gün həyat yoldaşım Sübiyyə Şəfiyeva ilə birlikdə bələdiyyə seçkilərində Astara şəhəri üzrə qeydə alınmış 34 namizəddən layiq bildiyimiz insanlara səs verdik. Məntəqədə səsvermənin yüksək səviyyədə keçməsi üçün hər cür şərait yaradılıb.”
Digər şəhər sakini 58 yaşlı Rüfət Məmmədov da səsvermənin gedişindən razı qaldığını ifadə edərək seçki məntəqəsində səsvermənin azad və demokratik şəkildə keçirilməsi üçün yaradılan şəraitə görə minnətdarlığını ifadə etdi:-“Yerli özünüidarəetmə orqanları olan bələdiyyələr əhali ilə daha yaxından təmasda olan orqandır. Sakinlər üzləşdikləri problemlərlə bağlı ilk növbədə bələdiyyələrə müraciət edirlər. Arzum budur ki, yeni seçiləcək bələdiyyə üzvləri yerli əhəmiyyətli sosial məsələlərin həllində daha fəal iştirak etsinlər.”
Məntəqə seçki komissiyasının sədri Hacıbala Ramazanovun verdiyi məlumata görə məntəqədə 1500 nəfərin adı seçici siyahısına daxil edilib. Onlardan 6 nəfəri ilk dəfə səs verənlərdir. Seçki məntəqəsində saat 10-00-da səsvermədə 116 nəfər iştirak edib (12,9 faiz).
Ümumiyyətlə, rayonun hər iki dairəsinə daxil olan seçki məntəqələrində bələdiyyə seçkilərinin şəffaf, ədalətli və tam obyektiv keçirilməsi üçün yüksək şəraitin yaradılmasının şahidiyik. Bunu bu gün məntəqələrdəki vəziyyəti müşahidə edən həm müxalifət, həm də qeyri-hökumət təşkilatlarının nümayəndələri də açıq etiraf edirlər. Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyasının nümayəndəsi Ələddin İskəndərov rayonda seçkilərin demokratikliyinə qətiyyən şübhə etmədiyini bildirərək qeyd etdi ki, hər yerdə olduğu kimi şəhər 1 saylı seçki məntəqəsində də seçki qanunvericiliyinin tələblərinə ciddi əməl olunur.
Seçicilər tam şəffaf, azad şəkildə səsvermədə iştirak edir, heç bir qanunsuzluq halları ilə rastlaşmırlar. Saat 12-yə rayon üzrə seçki hüququ olan seçicilərin 19 faizi məntəqələrə gələrək səslərini vermişlər.
Hazırda bütün məntəqələrdə seçkilər davam edir.