Son illər dövlət tərəfindən əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Bütün həyata keçirilən bu tədbirlər vətəndaşların hüquq və mənafelərinin qorunmasına, vətəndaş məmnunluğuna hesablanaraq atılan addımlardır. Vətəndaşlar üçün problemli hallardan biri də qeyri-rəsmi məşğulluqla bağlıdır. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 9 oktyabr 2017-ci il tarixində 3287 nömrəli Sərəncam imzaladı. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planının icrasının əlaqələndirilməsi  və icranın gedişi barədə məlumatların Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi Prezidentin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına tapşırılmışdır.

Bununla bağlı Astara Rayon İcra Hakimiyyəti başçısının 31 iyul 2018-ci il tarixli 74 nömrəli Sərəncamına əsasən Məşğulluğa Kömək üzrə Əlaqələndirmə Komitəsinin işinin daha da səmərəli təşkil olunması məqsədi ilə rayon icra hakimiyyəti yanında əlaqələndirmə komitəsinin tərkibi daha da genişlənərək yenidən təşkil edilmişdir. Eyni zamanda Komitənin iş planı təsdiq edilmişdir ki, burda da hər ay müzakirə olunacaq məsələlər öz əksini tapmışdır. Komitənin əsas işinin qarşılıqlı fəaliyyət əsasında qeyri-rəsmi məşğulluğun qarşısının alınması, məşğulluğun təmin edilməsinə yönəlmiş tədbirlərin hazırlanması, ərazi məşğulluq proqramlarının layihələrinin müzakirə edilməsi, işaxtaran və işsiz vətəndaşların peşəyönümünə, peşə hazırlığına və ixtisasartırma kurslarına cəlb edilməsinə və işlə təmin olunmasına kömək göstərilməsi və s ibarətdir. Bununla bağlı komitə hər ay komitə üzvlərinin, sahibkarların və bələdiyyələrin iştirakı ilə öz iş planına uyğun olaraq iclaslar keçirir. İclasda əhalinin məşğulluq problemləri, qeyri-leqal məşğulluğun aradan qaldırılması istiqamətində təkliflərin hazırlanması, qeydiyyatlı məşğulluğun üstünlükləri, qeydiyyatdan yayınma hallarına daha çox rast gəlinən sahələrdə qeyri-leqal məşğulluğun aradan qaldırılması sahələrində yaranmış problemlərin  həlli yolları yolları müzakirə olunur, rəy və təkliflər dinlənilərək, yaranmış problemlərin həlli istiqmətində qərarlar qəbul edilir.     

  Qeyri-leqal məşğulluğun əsasən özəl sahələrdə daha çox yayılmışdır. Belə ki, sahibkarlar vergidən və işçinin sosial sığorta haqlarını ödəməkdən yayınmaq üçün işçilərin sayı barədə müvafiq orqanlara düzgün məlumat vermirlər. Bir neçə il bundan əvvələ qədər əgər işəgötürən işçi ilə yazılı qaydada əmək müqaviləsi bağlayırdısa 2014-cü ildən sonra isə qanunvericiliyə uyğun olaraq işçi ilə elektron qaydada da bu proses həyata keçirilir. Belə ki əgər əvvəllər işçi ilə yazılı qaydada əmək müqaviləsi imzalandıqdan sonra əmək müqaviləsi qüvvəyə minirdisə hal-hazırki qanunvericiliyə əsasən əmək müqaviləsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş müvafiq bildirişin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qeyri-leqal məşğulluğun olması iqtisadi inkişafa mənfi təsir etməklə yanaşı, həm də vətəndaşların mənafelərinin qorunmasına mənfi təsir edir. Daha dəqiq desək qeyri-leqal məşğul işçilərin mövcudluğu bir tərəfdən vergidən yayınmaqdırsa, digər tərəfdən işçilərin əmək və sosial hüquqlarının pozulması deməkdir. Çünki, belə halda rəsmi əmək müqaviləsinin olmaması səbəbindən vətəndaşların pensiya kapitalında yığım olmadığı üçün sosial təminat hüquqlarından biri olan pensiya almaq hüququndan məhrum olurlar. Həmçinin qeyri-leqal məşğulluq işçilərin cari və gələcək sosial təminat hüquqlarının yaranmasına ciddi maneə olmaqla, onları təhlükəsiz əmək şəraitində işləmək, minimum əmək haqqından aşağı olmayan əmək haqqı almaq, Əmək məcəlləsində müəyyən olunmuş istirahət günlərindən və məzuniyyətlərdən istifadə etmək və s. kimi hüquqlardan məhrum edir. Odur ki, ölkədə həyata keçirilən iqtisadi islahatların məqsədlərindən biri də qeyri-leqal məşğulluqla mübarizənin gücləndirilməsi ilə paralel olaraq qeyri-leqal əmək münasibətlərindən rəsmi əmək münasibətlərinə keçidin stimullaşdırılmasına yönələn platformanın formalaşdırılması, vətəndaşların məşğulluğunun təmin edilməsi, layiqli iş yerlərinin yaradılması, onların əmək və sosial hüquqlarının qorunması, maddi və sosial tələbatlarının ödənilməsindən ibarətdir. Qeyri-leqal məşğulluğun mövcudluğu həmçinin ölkənin iqtisadiyyatına vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vurur. Hər bir işəgötürən bunu nəzərə alaraq, bütün işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməsini təmin etməli və qeyri-leqal məşğulluq hallarının qarşısının alınması kimi vacib prosesə öz töhfəsini verməlidir. Qeyri-leqal məşğulluğun qarşısının alınmasında ən mühüm addımlardan biri də əhali arasında maarifləndirmə, təbliğat, təşviqat işlərinin aparılmasıdır. Əgər işə qəbul edilən işçi onunla əmək müqaviləsi bağlanmadan işə qəbul edildikdən sonra onun üçün müəyyən edilən imtiyazlardan məhrum olacağını anlayarsa, bu halda ona dəyən ziyanı dərk edəcək və işə qəbul edilərkən işəgötürənlə əmək müqaviləsi əsasında çalışacağını tələb edəcəkdir. Bu həm qeyri-leqal məşğulluğun qarşısının alınmasına, həm də vergi və sosial sığorta daxilolmalarının həcminin artmasına gətirib çıxardacaqdır. Bu baxımdan vətəndaşlara tövsiyə edərdik ki, əmək fəaliyyətinə başlayarkən işəgötürənlə əmək müqaviləsi bağlamaqla əmək fəaliyyətini rəsmiləşdirsinlər.

                                            Astara Rayon İcra Hakimiyyəti başçısı aparatının

                                            Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması

                                            şöbəsinin baş məsləhətçisi- Tamerlan Abdulov