Astara rayonu ərazisində 77 saylı Astara seçki dairəsi üzrə 44 seçki məntəqəsi, 76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə 25 seçki məntəqəsi fəaliyyət göstərir.

Parlament seçkilərinə hazırlıqla əlaqədar hər iki dairə üzrə məntəqələr səsverməyə tam hazırlanmış, seçki məcəlləsinin tələblərinə tam əməl edilməklə, seçkilərin demokratik, şəffaf keçirilməsinə nail olmaq məqsədi ilə qanunla müəyyən olunmuş bütün zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Seçki günü mütəşəkkilliklə seçki məntəqələrinə gedən astaralılar növbəti beş il üçün ölkənin davamlı inkişafı və xalqın rifahına yönələn qanunların qəbul edilməsinə töhfə verən, problemlərlə əlaqədar aidiyyəti qurumlar qarşısında məsələlər qaldıraraq həllinə dəstək ola bilən dövlətçi, bacarıqlı, layiqli namizədlərə səs verərək münasibətlərini bildirmək istəyirlər.

Astara şəhər 3 saylı seçki məntəqəsində səs verən şəhər sakini Gülnarə Məcidova müsahibəsində qeyd edir ki, seçki məntəqələrinə səs vermək üçün gələnlər başa düşürlər ki, seçimlərini dövlətin yürütdüyü siyasətə uyğun olaraq inkişafa, tərəqqiyə yönələn qanunların qəbul edilməsində aktivlik göstərən, ictimaiyyətdə nüfuzu olan şəxsləri seçməklə aparmalıdırlar. Ona görə də məntəqəyə gələnlər tələsmədən, yaradılan yüksək şəraitdən istifadə edərək öz istəklərinə uyğun namizədlərə səs verirlər. Seçicilərin fəallığını həm də ölkədə və rayonumuzda son illərdə baş verən əsaslı dəyişikliklər, aparılan tikinti və quruculuq işləri, sosial problemlərin həlli məqsədilə həyata keçirilən proqramlar və əhalinin həyat şəraitinin ilbəil yaxşılaşması istiqamətində görülən dövlət tədbirləri ilə izah etmək olar.

Digər şəhər sakini Əli İskəndərov da səsvermənin gedişindən razı qaldığını ifadə edərək seçki məntəqəsində səsvermənin azad və demokratik şəkildə keçirilməsi üçün yaradılan şəraitə görə minnətdarlığını ifadə etdi: -“Milli Məclis qanunverici orqan olduğu üçün gənc, müstəqil dövlətimizdə qanunların qəbul edilməsində aktiv olan, savadlı, bacarıqlı namizədlərə səs vermək əsasdır. Səs verəcəyimiz namizədin kimliyini bilməli, seçimimizi düzgün aparmalıyıq. İnanıram ki, rayonumuzdan seçiləcək Milli Məclis üzvü ən fəal deputatlardan biri olacaq.”

Kijəbə qəsəbə 8 saylı seçki məntəqəsində səs verən Ələkbər İsayev oğlu seçkilərdə iştirakının sevincini bölüşərək qeyd etdi ki, hər birimiz üçün önəmli olan qanunların qəbul edilməsində, ölkəmizin, o cümlədən, rayonumuzun inkişafı ilə bağlı mühüm əhəmiyyətli məsələlərin həllində fəallıq göstərə bilən şəxsə səs verdim. Səs verdiyim 8 saylı seçki məntəqəsində bütün səsvermə prosesi seçki qanunlarına uyğun qurulmuşdur. Hər bir seçici üçün öz seçimini etməyə yüksək şərait

yaradılmışdır. Belə azad, demokratik bir ölkədə yaşamağımdan böyük məmnunluq hissi keçirirəm.

Astara şəhər 2 saylı seçki məntəqəsində səs verən şəhər sakini Rövşən Mirzəyevdən səsvermənin gedişini öyrəndik. O, məntəqədə seçkilərin azad, demokratik, beynəlxalq standartlara uyğun şəkildə keçirildiyini bildirərək qeyd etdi ki, Parlament seçkilərində namizədliyi qeydə alınmış 15 nəfərdən bu günkü iqtidarın müstəqil dövlətimizin inkişafı üçün həyata keçirdiyi yüksək tədbirlərə dəstək ola bilən ən layiqli birisinə səs verdim. Məntəqədə səsvermənin yüksək səviyyədə keçməsi üçün hər cür şərait yaradılıb.

Məntəqə seçki komissiyasının sədri Xədicə Məmmədovanın verdiyi məlumata görə məntəqədə 1498 nəfərin adı seçici siyahısına daxil edilib. Seçki məntəqəsində saat 12-00-da səsvermədə 400 nəfər iştirak edib.

Ümumiyyətlə, rayonun hər iki dairəsinə daxil olan seçki məntəqələrində Milli Məclis seçkilərinin şəffaf, ədalətli və tam obyektiv keçirilməsi üçün yüksək şəraitin yaradılmasının şahidiyik. Bunu bu gün məntəqələrdəki vəziyyəti müşahidə edən həm müxalifət, həm də qeyri-hökumət təşkilatlarının nümayəndələri də açıq etiraf edirlər. Ana Vətən Partiyasının nümayəndəsi Əliyev Rafiq Hacağa oğlu rayonda seçkilərin demokratikliyinə qətiyyən şübhə etmədiyini bildirərək qeyd etdi ki, hər yerdə olduğu kimi 1 saylı seçki məntəqəsində də seçki qanunvericiliyinin tələblərinə ciddi əməl olunur.

Seçicilər tam şəffaf, azad şəkildə səsvermədə iştirak edir, heç bir qanunsuzluq halları ilə rastlaşmırlar. Hazırda bütün məntəqələrdə seçkilər davam edir.