“Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsinin qalibləri bəlli olub.
Ümumi təhsil müəssisələrinin şagirdləri arasında fevralın 15-də keçirilmiş müsabiqənin şəhər mərhələsinin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 207 nömrəli tam orta məktəbin X sinif şagirdi Xədicə İbrahimova, 26 nömrəli tam orta məktəbin X sinif şagirdləri Jalə Ağazadə və Rəşad Hüseynov, 299 nömrəli məktəb-liseyin X sinif şagirdi Nigar Nəcəfzadə, 281 nömrəli tam orta məktəbin X sinif şagirdi Məryəm Əlizadə, Məktəb-Lisey Kompleksinin X sinif şagirdi Rəna Şabanzadə və 198 nömrəli tam orta məktəbin XI sinif şagirdi Nərgiz Babayeva ölkə mərhələsində iştirak etmək hüququ qazanıblar.
İdarədən Trend-ə verilən məlumata görə, müsabiqənin şəhər mərhələsində iştirak edən şagirdlərin oxuduqları sinif (VIII, IX, X və XI) nəzərə alınmaqla, onlara Azərbaycan və dünya ədəbiyyatı haqqında biliklərinin aşkara çıxarılması, oxuduqları bədii əsərlərin ictimai mahiyyəti, insanların mənəvi tərbiyəsində rolu və ədəbiyyat tarixində yeri ilə bağlı məsələlərin hansı səviyyədə dərk olunmasını əhatə edən 2 variant üzrə açıq suallar verilib.
“Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsinin qalibləri ölkə mərhələsində onlara təklif olunmuş mövzulardan birini seçərək inşa yazacaq və 10 sualı yazılı cavablandıracaqlar.
İnşa yazı 10 ballıq şkala üzrə, 10 sualın hər biri isə maksimum 10 balla qiymətləndiriləcək. Hər bir iştirakçının yekun balı hər iki tapşırığa verilən ballar əsasında müəyyən olunacaq.
Müsabiqənin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunacaq.
Qeyd edək ki, “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsinin əsas məqsədi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini artırmaq, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdən ibarətdir. Təhsil nazirinin əmrinə əsasən təşkil edilən müsabiqə məktəb, rayon (şəhər), ölkə üzrə olmaqla, 3 mərhələdə keçirilir.