Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Belçikanın Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsinə qarşı vandalizmin törədilməsi ilə bağlı KİV-in sualını cavablandırıb.

Trend-ə daxil olan məlumatda L.Abdullayeva bildirib:

“Belçikanın Vaterlo şəhərində 2016-cı ildə ucaldılmış ölkəmizin görkəmli şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın abidəsinə qarşı vandalizmin törədilməsi ilə bağlı Vaterlo polisi tərəfindən cinayət işi açılıb. Heykəl Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələri siyahısına daxildir və bu səbəbdən sözügedən hadisə polis tərəfindən araşdırılır.

Əlbəttə, bu vandalizmin Ermənistan Baş nazirinin Belçikaya səfəri zamanı baş verməsi diqqəti cəlb edir.

Qeyd etmək istərdim ki, ölkəmizin Belçika Krallığındakı Səfirliyinin əməkdaşları dərhal hadisə yerinə gedərək yerli hakimiyyət orqanları ilə təmaslar qurublar. Məsələ Səfirliyimizin nəzarətində saxlanılır və araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.