(Hekayə 2016-cı ilin aprelin əvvəllərindəki döyüşdə misilsiz qəhrəmanlıqlar göstərərək şəhid olmuş ,Xüsusi Təyinatlı Qüvvələrin giziri Teymurov Pəncəli Nurməmməd oğluna həsr olunmuşdur)

Səhərdən yağan xəfif yağışı çoxdan külək əvəz etmişdi. Duman ehmalca dağlardan üzüaşağı enirdi. Havanın qaralmasına hələ bir neçə saat vardı. Mart ayının bitməsinə bir həftə də qalmışdı. Novruz bayramı təzəcə bitmişdi. Bayramın bitməsinə baxmayaraq səməni cücərməyinə davam edir, sanki zəmilərdəki taxıl sünbülləri boy atıb ucalırdı. Bayramın gətirdiyi şən əhvali–ruhiyyə hər evdə özünü biruzə verməkdə davam edirdi. Nurməmməd kişinin evində də…

Nurməmməd kişi zəhmli, qaraqabaq idi. O, evə girəndə hamı ehtiram əlaməti olaraq ayağa durar, bir söz deməyə belə cürət etməzdilər. Üzündəki qırışları sanki hər gün iki qat daha artırdı. Bu gün də üzündən zəhm yağırdı Nurməmməd kişinin. Artıq yanaqları soyuqdan qızarmış, əlləri çat-çat olmuşdu.Başındakı papağını çıxartdı.Bu papaq illərin papağıydı. Bəlkə də Nurməmməd kişinin yaşı qədər yaşı vardı bu papağın. Bu gün də Nurməmməd kişi evə girdi. Hamı ayağa qalxdı. Vahimə xanım da. Onun qəhvəyi, uzun donu yerə dəyirdi, başındakı nazik yaylıq simsiyah saçları gizlətmişdi. Bir sözlə, o, əsl Azərbaycan xanımı idi. Evdə dərin bir sükut vardı. Evdəkilər Nurməmməd kişinin qorxusundan başını aşağı əymiş, sakitcə yerində qalmışdı.Hamı evdəydi. Birdən evdəki dərin sükutu Nurməmməd kişinin sərt, zəhmli səsi pozdu:

– Hanı Elbrus?

Heç kim ona cavab verməyə cürət etmədi, çünki hamı bilirdi ki, o qoyunları itirib və onları axtarmağa meşəyə gedib. Lakin Pəncəli qardaşını çox sevirdi. O, bilirdi ki, atasına bunu desə, tez əsəbiləşən ata qardaşına söz deyəcək. Amma o hər yerdə – məktəbdə də, ailədə də hörmət qazanmışdı. Hətta hər kəsə qarşı sərt olan Nurməmməd kişi də Pəncəliyə söz deməz, onu əzizləyərdi.

Pəncəli qəflətən dilləndi:

– Ata mən qoyunları itirmişdim, onları tapmaq üçün qardaşım getdi.

Hamı təəcübləndi. Axı Nurməmməd kişiyə yalan danışmağa heç kim cürət etməzdi. Amma bu yalan Pəncəlinin qardaşına olan sevgisindən irəli gəlirdi. Nurməmməd kişinin soyuq sifəti birdən qızdı. O, çox yüksək səslə:

– Deməli sənin günahının ucbatından qardaşın meşədədi. Tez get və qoyunları gətir.

Pəncəli sakitcə paltosunu götürüb qapıdan çölə çıxdı.

Nurməmməd kişi:- boyuna bax bunun, xəta edir, əvəzinə qardaşını göndərir, – öz-özünə deyindi.

Nurməmməd kişinin zəhmli səsi eşidildi:

– Arvad, mənə bir çay gətir!

Vahimə xanım sakitcə mətbəxə getdi. Çox keçmədən Astara çayından dəmlənmiş, ətri aləmə yayılan pürrəngi çayı Nurməmməd kişinin qabağına qoydu.

… Artıq Pəncəlinin getməsindən iki saat keçmişdi. Hava qaralmışdı. Vahimə ana çox təlaşlanmışdı, o, iki oğlunun qaranlıqda evə gələ bilməməsindən çox qorxurdu. Yanağında al-əlvanlıq yox olmuş, təlaşdan sifəti bəmbəyaz olmuşdu.

Birdən qapı açıldı. Pəncəli və Elbrus içəri daxil oldu.

Nurməmməd kişi soruşdu:

– Tapdınmı qoyunları, Pəncəli?

– Bəli ata, tapdım – deyə Pəncəli sakit səslə dilləndi.

Qardaşı Pəncəlinin bu hərəkətinə görə ona çox minnətdar idi.

3 il sonra…

Vaxt – vədə keçmiş, Pəncəlinin artıq 13 yaşı olmuşdu. Pəncəli məktəbdəydi, Azərbaycan dili dərsi idi. Bu dərs Pəncəlinin ən sevdiyi dərs idi. Axı bu dərs ona vətəninin dilini aşılayırdı, bu dili mükəmməl öyrənməyə imkan yaradırdı. Ev tapşırığı Qarabağ müharibəsi haqqında hekayə yazmaqdı. Pəncəli bu ev tapşırığını eşidəndə çox sevinmişdi, onun ən böyük arzusu Qarabağın mənfur düşmənlərimizin əlindən xilas etməkdi. O bilirdi ki, indi bu hekayə olub kağızlara yazıla bilər, amma sonralar bu real həqiqət olub dillərə dastan olacaq.

Bu gün ev tapşırığı soruşulacaqdı. Bu, Pəncəli üçün çox böyük sevinc idi. Axı o bütün qəlbindəkilərini bu kağıza tökmüşdü. Tam olaraq 8 səhifəlik mükəmməl bir hekayə hazırlamışdı.

Hamı tək-tək oxuyurdu. Hərə bir-iki səhifə hazırlamışdı. Növbə Pəncəliyə çatdı. O, oxumağa başladı, oxuduqca müəllimin üzündə gah bir təbəssüm, gah da kədər duyulurdu. Bu cümlələr bir-birinə elə ahənglə calanmışdı ki, sanki yağış damcıları bir birini izləyərək havadan yerə tökülürdü. Son cümlələrdə “Mənim arzum budur ki, mən vətənim uğrunda şəhid olum”. Müəllimin gözündə yaş damlaları göründü. O, arxasını uşaqlara çevirdi, üzünü təmizləyib Pəncəliyə döndü:

– Afərin, mən tam səmimi sinfə deyirəm ki, həyatımda belə təsirli hekayəgörməmişəm. Pəncəlinin üzündə təbəssüm göründü.

– Mən qəlbimdəkiləri yazmışam. Onlar həqiqətdir.

4 il sonra…

1997- ci ilin oktyabr ayı idi. Havalar soyumağa başlamışdı, yarpaqlar sanki xəzan olub yerə rəngli xalçalar kimi sərilmişdi. Baxan deyərdi ki,yarpaqlar qızıldı.Məktəb artıq 1 ay idi ki, başlamışdı. Hamı məktəbin başlamasına çox sevinirdi. Pəncəlidən başqa…

Pəncəli artıq XI sinifdə oxuyurdu. O, məktəbin tez bitməsini, vətən uğrunda olan müharibəyə qoşulmağını istəyirdi. Bu istək ondan əl çəkmir, 16 yaşlı gənci rahat buraxmırdı. Düzdü, Pəncəli dərslərində çox yaxşı idi. Amma heç nə ona vətəndən önə gələ bilməzdi.

Hərbi hazırlıq dərsi idi. Müəllim uşaqlara dağa dırmaşmaq tapşırığı vermişdi. Hər bir uşaq müəllimin köməyi ilə dağa dırmaşmağa çalışsa da, Pəncəli təkbaşına dırmaşırdı. Birazdan uşaqlar yarışmağa başladılar. Ən öndə olan Pəncəli idi. Digər uşaqlar da onun ardınca gəlirdilər. Birdən sinif yoldaşlarından birinin ayağı sürüşdü. Bütün uşaqlar üzlərini tutdular, axı bu mənzərəni görmək çox vahiməli idi. Pəncəli isə fərqli reaksiya göstərdi, sürətlə aşağı endi və son anda sinif yoldaşının əlindən yapışaraq yuxarı çəkdi. Bu an Pəncəli özü yıxıla bilərdi. Uşaqlar gözlərini açıb onu alqışladılar. Bu əsl cəsarət idi. Axı o bu ucqar dağdan yıxılsaydı ölə bilərdi. Uşaqlar sürətlərini azaldıb dağa çıxmağa davam edirdilər. Pəncəli sinif yoldaşının əlindən tutmuşdu. Ən öndə yenə də Pəncəli idi. Zirvəyə çatanda Pəncəli yoldaşını önə verdi, o, qazandı. Bu əsl azərbaycanlı dostluğu və səmimiyyəti idi.

Avqust ayının ən isti günləri idi. Kənddəki toy sədaları qoyun-quzu mələşmələrinə qarışmışdır. Hamı toya tələsirdi. Bəli bu toy qəhrəman Pəncəlinin toyu idi. Bu toya tanınmış müğənnilər, Pəncəlinin əsgər yoldaşları gəlmişdi. Amma bu toyu möhtəşəmləşdirən Pəncəlinin Vətənpərvər sözləri idi. “Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm, hər zaman, hər an xalqım üçün, torpağım üçün, vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay–ulduzlu bayrağına bükülüb dəfn olunmağa

aparılsın”.

Bu sözləri öz toyunda demək sadəcə qəhrəmanlıqdır. Axı kim toyunda belə bir şey arzu edər?

Bəli, Pəncəli evləndi. Amma o bir aydan artıq evdə dayana bilmədi. Anası, yoldaşı çox getmə desələr də, amma o dayanmadı:

– Mənim bir sevgim var, o da vətəndi. Deyərək evdəkilərlə görüşdü və yola düşdü.

2016- cı il 1 aprel…Düşmən qəfildən atəş açdı. Gecənin dərin sükutunu cəllad ermənilərin qəfildən atdığı güllə səsləri pozdu. Dəfələrlə quldurların sərhədlərimizin pozulmasına Pəncəli və silahdaşları qəhrəmancasına vuruşaraq onların cavablarını vermiş, şərəfsizlərin hiyləgərcəsinə atdıqları addımların qarşısı kəsilmişdi. Bu dəfə də eyni ssenari təkrar olunurdu. Ermənilər atəşkəsi pozur, cəbhəyanı yaşayış məntəqələrimiz atəşə tutulur, dinc sakinlər əziyyət çəkirdilər. Bu dəfə də onlara layiqli cavab verilməyin vaxtı gəlmişdi.

Birdən Pəncəlinin qaşı çatıldı, gözündə alovlu şimşək oynadı. Onun intiqam hissi bir də gücləndi və acıqlı halda dedi:

– Komandir, əmr edin, gücümüzü onlara göstərək. Üstümə yüzü gəlsə belə qorxmaram. Artıq bəsdir, torpaqlarımızı azad edək.

Komandir döyüş barədə son tapşırıqlarını verən kimi Pəncəli silahdaşları ilə irəli getdilər. Burada olan bütün hərbçilərin üzündə qisas qığılcımları işıldayırdı, çünki onların ən ali arzularının çin olması vaxtı gəlmişdi. Pəncəlinin dəstəsi lap öndə vuruşurdu. Artıq İlk növbədə düşmənin ön cəbhəsi yarılmışdı. Nəhayət, Talış, Seysulan kəndləri azad olunmuşdu.

Pəncəli hələ qabağa atılırdı, çoxillik arzusu gerçək olur, ürək yarası sağalırdı. Lakin zalım gülləsinə tuş gələrək döyüşdə qəhrəmancasına şəhid oldu Pəncəli. Tam arzusu reallaşmadı, Qarabağı azad etmədən cənnətə yola düşdü. Həmin döyüşdə onun döyüş dostları – Murad Mirzəyev, Samid İmanov, Mühüd Orucov da qəhrəmancasına şəhid oldular.

Beləliklə, tarixin yaddaşına qələbə soraqlı Aprel döyüşü yazıldı…

Artıq Azərbaycanın ən gözəl, ən dilbər guşəsinin alınmasından bir il keçirdi. Bəli, artıq bir il idi ki, Qarabağımız düşmən tapdağından azad olmuş, qəfəsdən çıxmış bir quştək azadlığına qovuşmuşdu.

Qarabağımızın azad olunmasının bir illiyi münasibəti ilə buranın göz bəbəyi olan Şuşada böyük bir bayram tədbiri təşkil edilmişdi. Cıdır düzündə igidlərimiz məşhur Qarabağ atlarında at oynadır, xanımlarımız isə Qarabağın milli yeməklərini nümayiş etdirirdilər. Bu bir ildə vətənimizin bir parçası olan Qarabağ elə gözəlləşmişdi ki, cənnətə dönmüşdü.

Tədbirə möhtərəm prezidentimiz İlham Əliyev cənabları, Birinci Vitse-prezident Mehriban xanım Əliyeva da gəlmişdi. Həmişə olduğu kimi ən gözəl qələbə bayramında da prezidentimiz Qarabağımızın gözəlliyindən, igidlərimizin oranı azad etmək uğrunda qəhrəmanlıqlarından danışdıqca hamı qürur hissi ilə ona qulaq asır, fərəhlə gözəl kəlmələri dəfələrlə eşitmək istəyirdilər. O, nitqində Pəncəlinin igidlik göstərərək “Aprel zəfəri”nin keçənilki qələbədə böyük pay sahibi olmasını deyəndə hamıya iftixar hissi gəldi. Artıq hamı bildi ki, Pəncəlinin də qələbədə rolu vardır. Tədbirdə Şuşanın baş küçələrindən birinə Pəncəlinin adının verilməsi təklifi də verildi.

Fətəliyeva Səhər Emin qızı (Astara rayon Şağlazüzə kənd tam orta məktəbin VII sinif şagirdi )

Qeyd edək ki, “O gün gəldi, yetişdi” hekayəsi 2018-2019-cu dərs ilində “Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyinin “Dəyərlərimiz-sərvətimiz, gələcəyimizdir” layihəsi çərçivəsində həyata keçirdiyi məktəblərarası “Ən yaxşı hekayə” müsabiqəsinə təqdim olunmuş və Təhsil Nazirliyinin nəzdində olan 91 ümumtəhsil məktəbindən 7597 şagirdin qatıldığı müsabiqədə fərqlənmə yeri qazanmışdır.

Astarainfo.az