Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrlə növbəti onlayn müşavirə keçirmişdir.

İcra başçısı müşavirədə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə koronavirus pandemiyasının ölkədə yayılmasının qarşısının alınması istiqamətində görülən işlər və qarşıda duran vəzifələri diqqətə çatdırmışdır.

Qeyd etmişdir ki, əhalinin aztəminatlı təbəqəsinə, əsasən maddi yardıma daha çox ehtiyacı olan, yaşı 65-dən yuxarı olan tənha, xəstə vətəndaşlara maddi köməkliyin göstərilməsi ilə əlaqədar Respublikada həyata keçirilən tədbirlər davam edir.

Rayonda yardımların ailələrə çatdırılması əsasən ərazi nümayəndələrin üzərinə düşür. Tərəfimizdən keçirilən reydlərdən məlum oldu ki, Heydər Əliyev Fondu, rayon icra hakimiyyəti, həmkarlar təşkilatları, digər qurumlar və imkanlı şəxslər tərəfindən edilən yardımlar ünvanlarına çatdırılmışdır. Rayon icra hakimiyyəti tərəfindən bundan sonra ediləcək yardımların çatdırılmasında daha da diqqətli olmalı, neqativ və xoşagəlməz hallara yol verilməməlidir.

Pandemiya ilə əlaqədar karantin rejimi bir qədər yumşaldılandan sonra sanki insanlarda arxayınçılıq yaranıb. Bəziləri belə bir xəstəliyin olmadığını güman edir. Bu isə ciddi fəsadlara gətirib çıxara bilər. Ona görə də hər birinizə tapşırıram ki, insanları maarifləndirilməsi ilə ciddi məşğul olun. Ehtiyac olmadığı halda küçəyə çıxmasınlar, gigiyenik qaydalara ciddi riayət etsinlər.

Qarşıya çıxan çətinliklərlə bağlı vaxtında müraciət edin. Lazım olan köməkliklər tərəfimizdən göstəriləcəkdir.

İcra başçısı nümayəndələrlə ərazidəki mövcud vəziyyəti, o cümlədən yaz-tarla işlərinin gedişini müzakirə etmiş, tövsiyə və tapşırıqlarını verilmişdir.

Astarainfo.az