Təhsil Nazirliyi tərəfindən pandemiya dövründə tədrisin davamlılığını təmin etmək, məktəblilərin ev şəraitində asudə vaxtının səmərəli keçirilməsinə nail olmaq, onların fiziki hazırlığı və yaradıcılıq imkanlarınının inkişaf etdirilməsi məqsədilə tədbirlər davam etdirilir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, tədris prosesinin dayandırıldığı müddətdə nazirlik tərəfindən bir sıra ölkədaxili və beynəlxalq səviyyəli idman yarışları, yaradıcılıq müsabiqələri, sərgi, dəyirmi masalar və digər tədbirlər həyata keçirilib. Mövcud vəziyyətlə əlaqədar onlayn platformada keçirilən sözügedən tədbirlər üzrə 8000 nəfərdən çox məktəblinin iştirakı təmin edilib
Aprelin 1-dən start verilən onlayn dərslərdə hazırkı vaxtadək 27 idman növü və 103 dərnək üzrə 15 min nəfərdən artıq qrup və dərnək üzvü, 1 200-dən artıq pedaqoji heyət iştirak edib. Dərslər müəssisələrin dərs cədvəlinə uyğun təşkil edilib.
Qeyd edək ki, onlayn dərslərlə yanaşı Təhsil Nazirliyinin təşkilatçılığı ilə həftəiçi 5 gün “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramı və şənbə günü yayımlanan “Dərsdən sonra” blokuna uyğun olaraq məktəbdənkənar fəaliyyətlə bağlı teledərslər də yayımlanır.
Astarainfo.az