Bu il müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər məntiqdən imtahan verməyəcəklər.
Trend-in məlumatına görə, bunu Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.
Onun sözlərinə görə, bu il müəllim işləmək istəyənlər yalnız ixtisas fənni, metodika və pedaqogikadan imtahan verəcəklər:
“Müəllimlərin ixtisas fənlərini dərindən bilməsi çox yaxşı haldır. Amma bu, onların məktəbdə yaxşı müəllim kimi fəaliyyət göstərməsi üçün kifayət deyil. Əsas məsələ şagirdlərlə necə davranmaq, şagird auditoriyasını idarəetmək, tədrisi və qiymətləndirmələri səmərəli şəkildə təşkil etməkdir. Bütün bunlar onların ciddi şəkildə metodik yanaşmalara yiyələnməsini tələb edir. Buna görə də bu il sualların əksəriyyətinin daha çox məlumat xarakterli deyil, həmin məlumatları müvafiq situasiyada tətbiq etməklə bağlı olması planlaşdırılır. Bu, müəllimlərin həmin şəraitə düşərkən özlərini necə aparacaqlarını göstərən vasitə olacaq”.
Astarainfo.az