ABŞ-ın “Lockheed Martin” müdafiə korporasiyası Müdafiə Nazirliyindən Hindistan Silahlı Qüvvələri üçün 21 ədəd “MH-60R Seahawk” helikopteririnin istehsalı və çatdırılması üzrə müqavilə alıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: “Daha əvvəl bağlanmış müqaviləyə əlavə olaraq “Lockheed Martin” şirkəti ilə 904,8 milyon dollarlıq razılaşma imzalanıb”.

Bildirilir ki, razılaşmaya əsasən 3 ədəd helikopter ABŞ Hərbi Dəniz Qüvvələri üçün, 21 ədəd helikopter isə Hindistan Silahlı Qüvvələri üçün istehsal ediləcək.

Qeyd edilir ki, əlavə razılaşma çərçivəsində işlər 2024-cü ilin sentyabr ayı üçün bitəcək. ABŞ Hərbi Dəniz Qüvvələri üçün helikopterlərin alınmasına 113,1 milyon dollar, Hindistan üçün isə 791,7 milyon dollar ayrılacaq. Beləliklə, Nyu-Deli üçün bir ədəd MH-60R helikopteri 37,7 milyon dollara başa gələcək.

Astarainfo.az