Karantin rejiminin tələblərinə nəzarət ciddi olacaq. Belə ki, qoruyucu tibbi maskaların istifadəsi məcburi və mütləq sayılır.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Hökumət rəsmisi bildirib ki, bununla bağlı müvafiq qərar imzalanıb: “Qaydalara əməl etməyənlər cərimələnəcək. Sərbəstlik artdıqca məsuliyyət artacaq. Cəzalar da sərtləşəcək. Cəzanın miqdarı hələ dəqiqləşməyib. Məsələ ilə bağlı sənəd parlamentə təqdim olunacaq. Cərimələrdən qaçmaq mümkün olmayacaq”.

O qeyd edib ki, hansı rayonda yoluxma artsa, həmin bölgə qapadıla bilər və orada daha güclü karantin rejiminin tətbiq olunması mümkündür:

“Ölkədə selektiv yanaşma metodu tətbiq edilə bilər. Bununla bağlı ərazilər nəzarətdə saxlanılır. Məsələn, hansısa rayonda kütləvi yoluxma aşkarlanarsa, orada xüsusi ocağın olduğu müəyyən edilsə, həmin rayon və ya şəhərə giriş-çıxış yasaqlanacaq”.

Astarainfo.az