Astara Rayon Heydər Əliyev Mərkəzində Ombudsmanın Cəlilabad Regional Mərkəzinin təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş Günü xalqımızın şərəf tarixidir” mövzusunda onlayn konfrans keçirilib.
Astarainfo.az xəbər verir ki, videokonfransda ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib, “1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın təkidi ilə Naxçıvandan Bakıya qayıtdı” mövzusunda videoçarx nümayiş etdirilib.
Onlayn tədbirdə Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılovun mövzu ilə bağlı məruzəsi dinlənilib.
Bildirilib ki, 1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu müasir tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu.
Görkəmli dövlət xadimi, bütün türk dünyasının ən nadir tarixi simalarından sayılan Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi.
Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycan xalqının müstəqilliyini məhv olmaqdan qurtardı və bu müstəqilliyi daimi, əbədi, sarsılmaz, dönməz etdi.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olub.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Azərbaycanın Milli Qurtuluş yolu davam edir. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir və yeni-yeni uğurlar qazanır.
Onlayn tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndəsi Şadoğlan Bayramov, “Astara” qəzetinin baş redaktoru Əfsun Ələskərli, şəhər 1 nömrəli tam orta məktəbin direktoru Xədicə Əliyeva, məktəbin tarix müəllimi Gülnar Məmmədova, Astara Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülzar İsmayılova və başqaları mövzu ilə bağlı çıxış ediblər.
Sonda konfrans iştirakçıları mərkəzin “Elektron kitabxana”sında saxlanılan kitablar, “Rəssamlıq” və “Toxuculuq” dərnəklərinin üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.