Ermənistan hökuməti “Metsamor” Atom Elektrik Stansiyasının (AES) təmiri və modernləşdirilməsini öz hesabına başa çatdırmaq qərarına gəlib.
Astarainfo.az  Ermənistan mətbuatına istinadən xəbər verir ki, parlamentdə keçirilən dinləmələr zamanı Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyan son bir il ərzində atom elektrik stansiyasının təmiri üçün verilən kreditin qaytarılma vaxtının Rusiya ilə müzakirə olunduğunu açıqlayıb.
Suren Papikyan bildirib ki, onlar Metsamor” AES-də işlərin başa çatmadığını əsas gətirərək Rusiyadan kreditin qaytarılma vaxtının uzadılmasını istəyiblər.
Erməni nazir deyib ki, Rusiya ilə razılığıa gələ bilmədik və nəticədə kreditdən imtina etdik: “Qalan işləri Ermənistan hökuməti öz vəsaiti hesabına maliyyələşdirəcək. Rusiyadan aldığımız kreditdən imtina etsək ki, modernləşdirilmə işlərini yenə də Rusiyanın “Rosatom Servis” şirkəti həyata keçirəcək”.
Məlumat üçün bildirək ki, Ermənistan və Rusiya hökumətləri arasında “Metsamor” AES-in ömrünün 2026-cı ilə qədər uzadılmasına dair 2014-cü ildə saziş imzalanıb. 2015-ci ildə Rusiya tərəfindən Ermənistanın 270 milyon dollar məbləğində dövlət krediti və 30 milyon dollar qrant verilməsi barədə müqavilə imzalanıb. Bu müqavilə 2019-cu il dekabrın 31-də başa çatıb. Artıq stansiyanın təmirinə 200 milyon dollardan çox vəsait xərclənib.
1976-83-cü illərdə istismara verilən və 4 blokdan ibarət olan “Metsamor” AES Ermənistanın paytaxtı İrəvanın 36 km qərbində yerləşən Metsamor şəhərində yerləşir. AES Türkiyə sərhəddindən 17,5 km, İran sərhəddindən 60 km, Azərbaycan sərhəddindən (Naxçıvan) isə 75 km məsafədə yerləşir.
Xatırladaq ki, “Metsamor” AES-i təkcə Cənubi Qafqaz ölkələri, Türkiyə və İran üçün deyil, daha geniş ərazilər üçün təhlükə mənbəyidir. Əgər bu AES-də qəza baş verərsə milyonlarla insan fəlakətin qurbanı olacaq. “Metsamor” AES 11 bal gücündə zəlzələ riski daşıyan ərazidə yerləşir. Halbuki bu AES 9 bal gücündə zəlzələyə tab gətirəcək şəkildə inşa edilb. Bu bölgədə dəfələrlə 7-8 bal gücündə zəlzələ baş verib. Sonuncu dəfə 1988-ci ildə bu ərazidə 7 bal gücündə zəlzələ olub. Ehtimal olunur ki, həmin vaxtı “Metsamor” AES qəzalı vəziyyətə düşüb. Çünki zəlzələdən sonra AES-in fəaliyyəti dayandırılıb. Ancaq məlumdur ki, sovetlər dövründə belə məsələlər gizli saxlanılırdı. Lakin 1995-ci ildə ABŞ və Avropa Birliyinin bütün etirazlarına baxmayaraq Ermənistan Rusiyanın dəstəyilə “Metsamor” AES-i yenidən işə salıb. Hazırda Ermənistanın elektrik enerjisinə olan təlabatının 45%-ni bu stansiya ödəyir.

Mütəxəssislər bildirirlər ki, “Metsamor” AES-in tikintisində istifadə olunan materiallar Bolqarıstan və Slovakiyada olan AES-lərdə də istifadə olunub. Ancaq Avropa Birliyi bu ölkələrdən quruma üzv olmazdan əvvəl həmin AES-ləri bağlamağı tələb edib. Avropa Birliyi “Metsamor” AES-in bağlanmasını da Ermənistandan dəfələrlə tələb edib. 2017-ci ildə Avropa İttifaqı ilə Ermənistan arasında imzalanan “Hərtərəfli və İnkişaf etdirilmiş Tərəfdaşlıq Sazişi”ndə (CEPA) açıq şəkildə qeyd olunub ki, Ermənistan “Metsamor” AES-i bağlamalı və ən qısa müddətdə “Ermənistanın sabit inkişafı üçün alternativ imkanlar” yaradacaq “yol xəritəsi” və ya fəaliyyət planını qəbul etməlidir.
Ancaq göründüyü kimi, Ermənistan dünya ictimayyətinin bütün çağırışlarına məhəl qoymayaraq bu AES-i işlətməkdə davam edir.
Ötən əsrin 70-ci illərində inşa olunan bu AES-də dəfələrlə qəzalar baş verib. 1982-ci ildə AES-də böyük partlayış, 1988-ci ildə isə bu bölgədə 25 min insanın ölümü ilə nəticələnən dəhşətli zəlzələ olub. Sonuncu dəgə 21 yanvar 2017-ci ildə AES-də qəza baş verib.
Qeyd edək ki, “Metsamor” AES-in keçmiş direktoru Suren Azatyan Ermənistan mətbuata verdiyi açıqlamada bildirib ki, bu stansiyadan radioaktiv sızıntının olmadığına əmin deyil. O deyib ki, Ermənistan bu stansiyadan alınan enerjiyə həddən artıq möhtacdır və nəyin bahasına olursa olsun onu işlətməyə məcburdur. Eyni zamanda müxtəlif yerli və beynəlxalq səhiyyə təşkilatlarının apardığı araşdırmalarda göstərilir ki, AES-in yaxınlığında yaşayan insanlar arasında xərçəng xəstəliyi sürətlə artır. Bölgədə bəzi bitki və heyvan növlərinin sayının azalması da radiaktiv sızıntının olduğunu təsdiqləyir.

Astarainfo.az