Astarainfo.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderin qalibi “Birlik-3A” MMC olub.
“Birlik-3A” MMC Astara rayonu ərazisində yolların əsaslı təmirini həyata keçirmək üçün İcra Hakimiyyətindən 542 min 615 manat 1 qəpik vəsait alacaq.
Qeyd edək ki, “Birlik-3A” MMC 23.06.2011-ci il tarixində dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğlu olan MMC-nin hüquqi ünvanı Masallı rayonunun Gəyəçöl kəndində yerləşir. Nizamnamə kapitalı 50 manat olan MMC adı daha əvvəl mətbuatda taxta evlərin hazırlanması sahəsində ixtisaslaşmış şirkət olarak keçir. 2018-ci ildə mətbuatda yer alan məlumatlarda qeyd olunur ki, Masallı Sənaye Məhəlləsində yenicə fəaliyyətə başlayan “Birlik-3A” MMC tərəfindən taxta evlər istehsal olunacaq.
Keçirilən tenderlə bağlı maraqlı məqamlardan biri də odur ki, “Birlik-3A” MMC-nin qanuni təmsilçisi olan Abıyev Zaur Niyaz oğlunun qanuni təmsilçi olduğu başqa bir şirkət – “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti 11.10.2019-cu il tarixində Astara rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi olub. 259 min 189 manat 53 qəpik dəyərində olan bu tender də Astara rayonu ərazisində yolların əsaslı təmiri məqsədilə keçirilib. Bundan başqa hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57 olan “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinin 22.11.2019-cu il tarixində Astara rayon İcra Hakimiyyətindən 2 milyon 233 min manatlıq daha bir tender udduğu qeyd olunub. Tenderin şərtinə görə Abıyev Zaur Niyaz oğlunun rəhbərlik etdiyi “Elnur-2” şirkəti 36 mənzilli yaşayış binasının tikintisini həyata keçirəcək.
Abıyev Zaur Niyaz oğlu ilə bağlı daha bir maraqlı məlumat bu iş adamının adının ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbs edilmiş vəzifəli şəxslərinin əməllərindən zərərçəkmiş vətəndaşların siyahısında da yer almasıdır.
Zaur Abıyevin zərərçəkmiş şəxs kimi məhkəməyə verdiyi ifadə də mətbuatda yayımlanıb. Zaur Abıyevin verdiyi ifadədə bildirib ki, 2013-cü ilin dekabr ayının 19-da digər zərərçəkmiş Elton Cəfərli ilə birlikdə “Texnikabank”ın “Proqress” filialından 620 min manat pul götürüb çıxarkən MTN əməkdaşları tərəfindən saxlanılıblar. Zaur Abıyevin sözlərinə görə, onları pul torbası ilə birlikdə MTN-ə aparıblar və bir müddət saxladıqdan sonra sərbəst buraxıblar. Zərərçəkmiş sərbəst buraxılarkən pulun üstündən 200 min manat məbləğin əskik olduğunu öyrənib. Vəkillərin sualları zamanı aydın olub ki, Zaur Abıyev saxlanılan gün sözügdən bankda onun adına nağd pul verilməyib və həmin hesabda olan vəsait tamamilə başqa insanın adında olub.
Bu epizod üzrə ifadə verən digər zərərçəkmiş Elton Cəfərli “Elnur-2” şirkətində memar işlədiyini və həmin gün, sadəcə olaraq, avtomobili idarə etdiyini bildirib. Puldan xəbəri olmadığını deyib.
“Elnur-2” şirkətinin mühasibi Xuraman Əliyeva isə ifadəsində deyib ki, həmin gün Zaur Abıyev banka gedərək, hesabda olan 620 min manat pulu təchizatçıların hesablarına köçürməli idi və nağd pulun bankdan çıxarılması ilə bağlı göstəriş olmayıb.
Ev ASTARA XƏBƏRLƏRİ Astara rayon İcra Hakimiyyətinin rayon ərazisində yolların əsaslı təmiri məqsədilə elan etdiyi...